Trampın təhdidi, Bakının seçimi - Deputat

13:19 15.01.2026
Yazını böyüt
Yazını kiçilt

“Trampın rüsumla bağlı qərarı həm Birləşmiş Ştatlarla, həm də İranla genişmiqyaslı ticarət əlaqələrinə malik olan ölkələrə təsir göstərə bilər. Belə ölkələrin ön cərgəsində isə əsasən, Çin və Hindistan dayanır”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat müəyyən təcrübələrə isinad edib:

“Məsələn, 2025-ci il ərzində Çin İrandan 34,1 milyard ABŞ dolları dəyərində neft və neft məhsulları alıb. Real rəqəmin bundan dəfələrlə çox olduğunu düşünürəm. Açıq mənbələrdəki statistik göstəricilərə görə, Çinin İrandan, neft məhsulları istisna olunmaqla, idxal etdiyi məhsulların ümumi dəyəri 15 milyard ABŞ dolları, İrana ixrac edilən Çin məhsullarının təxmini dəyəri isə 20 milyard ABŞ dolları təşkil edib.

Çin və ABŞ arasında ticarət dövriyyəsi 2024-cü ildə 688,28 milyard, 2025-ci ildə 425,81 milyard dollara təşkil edib. Rəsmi statistik göstəricilərə görə, 2025-ci ildə Çindən ABŞ-a 524,66 milyard dollarlıq məhsul ixrac edilib. ABŞ-ın Çinə satdığı məhsulların dəyəri isə 163,62 milyard dollar təşkil edib. Bu müddət ərzində ABŞ-nin rüsum siyasətinin sərtləşdirilməsinə baxmayaraq, profisit əhəmiyyətli dərəcədə Çinin xeyrinə dəyişib”.

E.Mirzəbəyli bu baxımdan, İranla ticarət edən ölkələrə qarşı tətbiq ediləcək 25% rüsumdan, ilk növbədə, Çinin ziyan çəkə biləcəyi ehtimalını qeyd edib. Eləcə də vurğulayıb ki, Hindistanla ABŞ arasındakı ticarət dövriyyəsi də kifayət qədər yüksəkdir:

“Bu rəqəm 2024-cü ildə 200 milyard ABŞ dolları təşkil edib. 2025-ci ildə tərəflər ticarət dövriyyəsini 2030-cu ilədək 500 milyard ABŞ dollarına çatdırmağı hədəflədiklərini bəyan ediblər.

Göründüyü kimi, rüsumların artırılması, çox güman ki, daha çox Çin və Hindistana təsir göstərə bilər. Amma bu xüsusda qarşı tərəflərin də ata biləcəyi addımları, eyni zamanda ikitərəfli anlaşmaları da nəzərə almaq lazımdır. Zənnimcə, indiki halda əsas məqsəd neft bazarındakı tənzimləmə mexanizmlərinin Vaşinqtonun nəzarətinə alınması hədəfidir. ABŞ qlobal iqtisadi münasibətlərdə əsas tənzimləyici rola sahiblənmək siyasəti yürüdür”.

Tahirə Qafarlı