Turizm polisi -illərin təklifi niyə reallaşmır? - Aktual

12:26 16.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda turizm sektorunun inkişafı üçün dövlət proqramı qəbul edilib. Qış-yay turizminin genişləndirilməsi işləri Bakı və bölgələrdə həyata keçirilir. Lakin bütün  bunlara baxmayaraq mövcud problemlər hələ də qalmaqdadır. Bəzi turizm və bir sıra iaşə obiyektlərində qiymətlərdə sui-istifadə halları çox geniş yayılıb. Bu isə ölkəmizə təşrif buyuran turistlərin marağının azalması hallarını artırır. Dünya praktikasında turizm sektoruna nəzarət edən turizm polisləri fəaliyyət göstərir. Bəs Azərbaycanda bu praktikanı tətbiq etmək olarmı?

Əlavə olaraq xatırlatmaq istərdik ki, bir müddət əvvəl Azərbaycanda turizm polisinin Bakıda fəaliyyət göstərəcəyi haqqında da məlumatlar öz əksini tapdı. Belə ki, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, turizm polisinin yaradılması Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur: "Turizm polisi böyük bir layihənin tərkib hissəsidir. Bu, əslində turistlərə dəstək olan bir neçə dövlət qurumu tərəfindən vahid xidmətin göstərilməsidir. Məqsəd odur ki, turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsi asanlaşsın, onlara xidmət vahid bir mərkəzdən həyata keçirilsin".

K.Quluzadə əlavə edib ki, artıq turizm polisinin yaradılması ilə bağlı müəyyən razılıqlar əldə olunub: "Razılıq ondan ibarətdir ki, turizm polisinin geyimi necə olacaq, hansı ərazilərdə fəaliyyət göstərəcək, hansı treninqlərdən keçiriləcəklər. Əlbəttə, turizm polisləri xüsusi treninqlərdən keçmiş şəxslər olacaqlar. Turizm polisi bir neçə dil bilən şəxslər olmalıdır".

Mövzunu hafta.az-a şərh edən Azad İstehlakçılar Birliyin Sədri Eyyub Hüseynov dedi ki, mütləq turizm polisi olmalıdır:

“Turizm haqqında qanun müzakirəsi gedir. Mən də çağrılmışdım. Düşünürəm ki, bu siyasət geniş müzakirə olunmalıdır. Təəssüf ki, bu qanun müzakirəsində qiymət məsələsinə toxunulmur. Mən də ictimai nəzarətin daxil edilməsi haqqında öz təkliflərimi etmişəm. Turizm agentliyində otellərə ulduzların verilməsində subiyektivliyin aradan qaldırılması həyata keçirləməlidir. Azərbaycan turizm sahəsində böyük imkanlar əldə etmək istəyir, turizm zonasına çevrilmək istəyir. Lakin buna qiymət yüksəkliyi çox ciddi fəsadlar törədir. Mənə qiymətlərin baha olması ilə bağlı tez-tez şikayətlər gəlir. Xüsusən də bulvardan olan şikayətlər daxil olur. Məsələn, müştəriyə təklif edirlər ki, çay içəcəksənsə mürəbbə də götürməlisən. Bəzi restoran vardır ki, üzü dənizə tərəf otururanda əlavə pul tələb edir. Qiymət siyasətində bu kimi sui-istifadə halları artıb. İçkilərin və digər məhsulların da qiymətində belə artımların tez-tez şahidi oluruq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, əslində bu, inzibati qayda ilə həll olunacaq bir məsələ deyil:

“Bildiyim qədəri ilə turizm polisi qiymət siyasətinə qarışmır. Turizm polisi obyektlərdə asayiş məsələsinə, turistlərə yol göstərməkdən ötrüdür. Dövlət turizm sahəsində qiymət siyasətinə birbaşa müdaxilə edə bilməz. Qanunlar da buna imkan vermir. Bunun ən yaxşı yolu inzibati yol deyil. Rəqabət mühiti yaradılmalıdır. Müəyyən təşviq siyasəti, vergi güzəştləri ilə təsir edə bilərlər. Qonşu Gürcüstanda turizm sektoru çox inkişaf edib. Böyük otellərdən daha çox, kiçik otellər yaradılır. Burada qiymətlər çox ucuz olur. Bizdə bununla bağlı problemlər var. Azərbaycana elitar turizm anlayışı gətirildi. Bu, isə səhv idi. Üç və dörd ulduzlu otellərin tikilməsinə daha çox önəm verildi. Hostellərə isə önəm verilmədiyi üçün, qiymətlərin artmasının şahidi olduq. Dünyada həmişə rəqabətli mühit qədər qiymətləri dayanıqlı tənzimləyən bir mühit olmayıb”.

Turizm üzrə ekspert Ruslan Quliyev deyir ki, əgər səyahət etdikləri ölkədə insan təhlükəsizliyi yoxdursa, heç bir turizm faktorundan danışıla bilməz:

"Turizm polisi Daxili İşlər Nazirliyinin bir strukturu olmalıdır. Fərqli yanaşma ondan ibarətdir ki, turizm polisləri minimum iki dil bilməlidir. Akademik səviyyədə hansısa bilgilərə ehtiyac yoxdur, sadəcə, bəlli bir informasiyaya malik olmalıdırlar».

Turizm polisini bələdçi, turistin yol yoldaşı kimi qəbul edən ekspert bildirir ki, onlar fəaliyyətlərində daim turistin köməyinə gəlirlər: "Hansı ölkədə oluruqsa, ehtiyacımız olanda onlara yaxınlaşırıq”. R.Quliyev turizmin inkişafında təhlükəsizlik məsələlərini önə çəkir: "Mehmanxanalar, turizm şirkətləri lisenziya ilə fəaliyyət göstərirdi. 2016-cı ildə lisenziyalar ləğv olunub. Lisenziyaların ləğvindən sonra turizm şirkətlərinin sayı 1500-dən artıqdır. Çox vaxt lisenziyaların bərpası geriyə qayıdış kimi qələmə verilir. Məncə elə deyil. Hesab edirik ki, hesabatlılıq, monitorinq kimi məsələlərdə bu amil vacibdir. Turizmin iqtisadi əhəmiyyəti haqqında danışırıq, bu yaxşıdır, amma unutmamalıyıq ki, bunun sosial və humanitar əhəmiyyəti bəlkə, ondan da artıqdır. Əsas məsələ iqtisadi marağımızı güdə-güdə mənəvi dəyərləri itirə biləcək qorxusudur. İnkişaf strateji maraqlara xidmət etməlidir. Məsələn, hava limanı ərazisinə müxtəlif avtomobillər daxil olur. Turistin qarşısına kimi çıxarırıqsa, o, ölkə haqqında ilkin təəssürat yaradır. Bu kimi ərazilərdə təhlükəsizlik məsələlərinə riayət olunmalıdır”.