“Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 27-28-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının on ikinci plenar iclasında iştirak etmək idi. Qeyd edim ki, iclasda “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusu ətrafında müzakirələr aparıldı.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin bugünkü iclasında etdiyi giriş nitqində bildirib.
S.Qafarova çıxışı zamanı TÜRKPA-nın fəaliyyətinin ölkələrimiz arasında birlik və həmrəyliyin güclənməsinə parlament dəstəyini təmin etdiyini, eyni zamanda, türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaratdığını qeyd edib, regionumuzda və daha geniş məkanda təhlükəsizlik, sabitlik və rifahın təmin edilməsində, miqrasiya proseslərinin mənfi nəticələrinin idarə olunmasında, zəngin neft-qaz ehtiyatlarımızın beynəlxalq bazarlara nəql edilməsində dövlətlərimizin əməkdaşlığının, məsuliyyətli davranışlarının, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Azərbaycan torpaqları Ermənistanın işğalından azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə də məlumat verib.
S.Qafarova İclasda bir sıra mühüm qərarların qəbul edildiyini deyib.
“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində TÜRKPA-nın müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirildi və dəstəkləndi. Bununla yanaşı, Türk Dövlətlərinin Parlament Assambleyasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə baxıldı və Parlament Şəbəkəsinə Assambleyada müşahidəçi statusu verildi. Eləcə də, TÜRKPA-nın növbəti on üçüncü plenar iclasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi qərara alındı.Parlament Assambleyasının plenar iclası Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatdı”.
S.Qafarova Ankaraya işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopla görüşdə qardaş dövlətlərimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolu ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirildiyini dedi.
“Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalandı. Bu günə qədər belə Saziş yox idi. Ona görə də biz bu Sazişi imzaladıq”