“Türkiyə-İraq münasibətlərində regional sülh hövzəsi yaradılacaq” - Heydər Oruç

09:15 16.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xarici İşlər Nazirliyinin X hesabında edilən paylaşımda Türkiyə-İraq Birgə Planlaşdırma Qrupunun Hazırlıq Toplantısının Ankarada xarici işlər nazirinin müavini Nuh Yılmaz və iraqlı həmkarının həmsədrliyi ilə keçirildiyi bildirilib.

Hafta.az-ın yazdığına görə, yazıda deyilir ki, “Görüşdə iki ölkə arasında əlaqələrin institusionallaşdırılması üçün imzalanmış sazişlərin icra prosesi, Birgə Daimi Komitələrin fəaliyyəti və prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib”.

Yaxın Şərq üzrə mütəxəssis Heydər Oruç iki ölkə arasındakı prosesləri qiymətləndirib. O, “Bu il Türkiyə ilə İraq arasında əlaqələr əhəmiyyətli bir sürət qazandı. Xarici işlər naziri Hakan Fidanın ötən ilin yayında İraqa səfəri zamanı “PKK-nın terror təşkilatı elan olunmasını gözləyirik” çağırışından sonra İraq Milli Təhlükəsizlik Şurasının mart ayında PKK-nı qadağan olunmuş təşkilat elan etməsi yalnız Türkiyənin istədiyi deyil, bütövlükdə əhəmiyyətli bir inkişaf idi" deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayındaki səfəri zamanı imzalanan iyirmidən çox müqaviləni və İnkişaf Yolu Layihəsi də daxil olmaqla “Birgə Əməkdaşlıq Strateji Çərçivə Sazişi”ni xatırladan Oruç bu razılaşma ilə iki ölkə arasında bəzi yeni mexanizmlərin yaradılmasına qərar verildiyini qeyd edib.

Oruç, “İkitərəfli münasibətlərdəki yaxşılaşma ən konkret şəkildə İraq məhkəməsinin PKK-ya bağlı 3 partiyanı bağladığı son həftələrdə hiss olunmağa başladı. Bu qadağa sayəsində PKK-nın siyasi uzantılarının İraqda seçkilərə girərək siyasiləşmək cəhdləri pozulub” deyə bildirib.

“Ancaq ötən həftə Kərkük əyalət məclisinin qubernator seçkilərində baş verənlər qısa müddətə də olsa, gərginliyə səbəb oldu. İraq Konstitusiyası və seçki qanunlarına zidd olaraq keçirilən qubernatorluq seçkilərindən türkmənlər və KDP xaric edilərkən, KYB-nin namizədi ərəb və xristian parlament üzvlərinin keçirdiyi pirat seçki ilə qanunsuz olaraq qubernator seçilib. Seçkilərin formal şərtlərin pozulması səbəbindən ləğv ediləcəyi gözlənildiyi halda, İraq prezidenti Əbdüllətif Rəşid türkmənlərin və ərəblərin etirazına baxmayaraq, Rebvər Tahanı Kərkük valisi təyin edib”, - ekspert bildirib.

Oruç qeyd edib ki, Türkiyə məsələ ilə bağlı prosesləri yaxından izlədiyini açıqlayıb və Kərkükdəki vəziyyətin Türkiyə ilə İraqın yaxınlaşmasına mənfi təsir göstərməməsinə diqqət yetirərək problemi həll etməyi hədəflədiyini bildirib.

Bu inkişaflardan sonra dünən Ankaraya gələn İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin görüşdən sonra nazir Fidanla birlikdə yeni yaradılmış “Türkiyə-İraq Ortaq Planlaşdırma Qrupu”nun ilk iclasına sədrlik edəcəyi gözlənilir.

Dünənki görüşlərə hazırlıq çərçivəsində avqustun 14-də xarici işlər nazirinin müavini Nuh Yılmaz və iraqlı həmkarı Məhəmməd Hüseyn Bəhrül Ulumun sədrliyi ilə Türkiyə-İraq Birgə Planlaşdırma Qrupu Hazırlıq Toplantısı keçirilib.

Göründüyü kimi, iki ölkə arasında enerji və təhlükəsizlik başda olmaqla geniş spektrli məsələlərdə əməkdaşlıq mövcuddur və İnkişaf Yolu Layihəsinin həyata keçirilməsi ilə bu əlaqələrin güclənəcəyi və yeni ağırlıq mərkəzinin meydana çıxacağı anlaşılır.

“Şübhəsiz ki, iki ölkə arasında münasibətləri pozmaq və zəhərləmək istəyən bəzi cəhdlər var. Məlumdur ki, bəzi region dövlətləri PKK və İŞİD kimi terror təşkilatları ilə bu münasibəti bəyənmir. Lakin iki ölkə arasında möhkəm tarixi-mədəni əlaqələr sayəsində bütün bu çətinliklər aradan qaldırılacaq, iki ölkə xalqının maraqlarına uyğun regional sülh və firavanlıq hövzəsi yaradılacaq”, - deyə Oruç qeyd edib.