Türkiyə qələbə qazanıb, Norveç heç-heçə edib - DÇ-2022 seçmə mərhələ

23:57 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.

Hafta.az xəbər verir ki, G qrupunda Türkiyə yığması İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. 22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. “Ay-ulduzlular” qalan dəqiqələrdə say üstünlüyündən məharətlə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, “dubl” edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.

Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib. Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 17 xala malik Norveç 3-cü pilləyə enib.

Günün ilk qarşılaşmasında isə Bosniya və Herseqovina yığması Finlandiyanı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 1:3. Skandinaviyalılar 37-ci dəqiqədə Yukka Raytalanın qırmızı vərəqə almasına baxmayaraq, azlıqda qalib gəlməyi bacarıblar. İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 11-ə çatdıran Finlandiya D qrupunda 2-ci pilləyə yüksəlib. 7 xala malik Bosniya və Herseqovina isə 4-cü pillədə qalıb və pley-off şansını itirib.