Türkiyədə 440 nəfərin təyyarəyə minməsinə qadağa qoyulub

11:10 16.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təyyarələrdə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün sərt tədbirlər həyata keçirilir. Hava limanlarında aparılan axtarış və qaydalar bir yana, bəzi insanlar təyyarəyə minmək üçün yararsız hesab edilir və bu şəxslər “qara siyahı”ya salınır və onlar bir daha təyyarələrələrə buraxılmır. Bəs insanlar hansı hallarda qara siyahıya düşürlər?

Hafta.az-ın yazdığına görə, bilindiyi kimi, bu günlərdə Türk Hava Yollarının (THY) İstanbul-London reysi ilə uçan təyyarədə oturacaqların düzülməsinə reaksiya verən sərnişin narahatçılıq yaradıb və kabin heyətini təhqir edib. Nəticədə uçuş heyəti polis çağırıb və sərnişin təyyarədən endirilib.

THY tərəfindən edilən açıqlamada həmin sərnişinin “qara siyahı”ya salındığı açıqlanıb.

Uçuşlarda problem yaradan və ya uçuş təhlükəsizliyinə təhlükə törədən şəxslər şirkətin qərarı ilə “qara siyahı”ya düşə bilərlər. “Qara siyahı”ya düşən şəxslər yenidən həmin şirkətin uçuşlarında iştirak edə bilməzlər.

Hadisə ilə bağlı THY-dən verilən açıqlamada “qara siyahı”dakı şəxslərin sayı da açıqlanıb. THY Baş direktoru Bilal Ekşinin paylaşımı belədir: “Uçuş təhlükəsizliyini təhdid edən, komandalarımıza şifahi və ya fiziki hücum edənləri prosedura uyğun olaraq müvəqqəti və ya qeyri-müəyyən uçuş qadağaları siyahısına salırıq və onlara qarşı cinayət işi qaldırırıq. Artıq siyahıda belə şəxslərin sayı 440 nəfərdir”.