Türkiyənin Kastamonu universitetində Xocalı soyqırımı qurbanları anıldı - FOTO

10:57 27.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Kastamonu Universitetində anım tədbiri keçirilib.

Bu barədə hafta.az-a tədbirin təşkilatçılarından olan Tural Elçin məlumat verib. Onun sözlərinə görə, “Xocalı soyqırımı” adlı tədbir Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin (Azerbaycan Kültür ve Dayanışma Topluluğu-red.) təşkilatçılığı ilə təşkil edilib.

Tədbirə universitetin müəllim və tələbələri iştirak qatılıblar. Əvvəlcə  Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

“Erməni məsələsi”nin tarixi inkişaf prosesi, Xocalı soyqırımını əks etdirən video nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin başqanı Tural İsabəyli deyib ki, erməni daşnak dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilən, qeyri-insani etnik təmizləmə kampaniyasının günahsız qurbanları olan, 28 ildir ədalət gözləyən Xocalı şəhidlərini anmaq üçün buradayıq. O, bildirib ki, bu işğal və soyqırımlar Ermənistanın qəbul etdiyi dövlət siyasətidir: “Beynəlxalq hüquq baxımından soyqırımın törədildiyi danılmaz olan Xocalıda baş verənlər üçün görüləsi işlər çoxdur. Şübhəsiz ki, bunlardan ən vacibi ədalətin bərpa olunması, öz yerini tapmasıdır. Ermənistanın işğalçılıq siyasətinin davamı etdirməsi hər an qanlı müharibəni yenidən alovlandıra bilər. Ancaq biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq problemin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz gec-tez öz torpaqlarımızı geri alacağıq, lakin Xocalı soyqırımını heç vaxt unutmayacağıq”.

Tədbirin çıxışçısı  tarixçi alim, Karabük Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin bölmə müdiri, dosent Əli Əsgər  Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Dosent Əli Əsgər deyib ki, yetmiş illik Sovet dövründə Moskva tərəfindən hər zaman dəstəklənən və himayə edilən ermənilər Sovet İttifaqı dağılma mərhələsinə girdikləri zaman şovinist siyasətlərini yenidən həyata keçirməyə başladılar: “Hazırda Azərbaycan ərazisinin beşdə birini işğal altında saxlayan Ermənistan rəhbərliyi problemin sülh yolu ilə həllinə mane olmağa çalışır. Ermənistan rəhbərliyinin türklərə qarşı tarix boyu olan düşmənçiliyi fasiləsiz olaraq davam etməkdədir. Təəssüf ki, xəyali "Böyük Ermənistan" layihəsinin rəhbər tutaraq apardıqları işğalçılıq siyasətini dayandıracaq beynəlxalq sanksiya mexanizminin olmaması problemin həllində müharibə və qanuni müdafiədən başqa çıxış yolu saxlamır.”

Konfrans iştirakçıların sualları ilə davam edib. Sonda məruzəçiyə təşəkkür plaketləri təqdim olunub.