Dekabr ayında ukraynalılar arasında Ukraynanın müharibədə qələbəsinin nə vaxt baş verə biləcəyi ilə bağlı sorğu keçirilib.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, sorğunu Demokratik Təşəbbüslər Fondu keçirib.
Nəticələrə görə, ukraynalıların əksəriyyəti müharibənin gələn ilin yayına qədər bitəcəyinə əmindir, lakin insanların əhəmiyyətli hissəsi hələ 1-2 il qələbə üçün mübarizə aparmalı olacaqlarını düşünür.
Ümumilikdə ukraynalıların 93%-dən çoxu işğalçılara qarşı savaşda Ukraynanın qələbəsinə inanır. Respondentlərin yalnız 3%-i qələbəyə şübhə edir.
Ukraynanın qələbəsinə inananların 39%-i bunun 2023-cü ilin yayında baş verəcəyinə inanır. 22% Ukraynanın 1-2 ildən sonra qalib gələcəyinə ümid edir, digər 20% isə qələbənin yaxın aylarda əldə oluna biləcəyinə əmindir.
Ukraynalıların əksəriyyəti (54%) inanır ki, qələbə yalnız 2014-cü ilin yanvarına qədər Ukraynanın nəzarətində olan ərazilərdən bütün rus işğalçıları qovulduqdan sonra baş tutacaq. Digər 22% isə hesab edir ki, Rusiyanın özündə parçalanmaya nail olmaq lazımdır.
Respondentlərin 18%-i hərbi əməliyyatların dayandırılması müqabilində işğal olunmuş ərazilərin müəyyən hissələrinin Rusiyaya verilməsinə razıdır və bunu qələbə hesab edir. Onların 8%-i yalnız Krımı, 6%-i 2022-ci il fevralın 23-dək işğal olunmuş əraziləri, 3%-i isə hazırda Rusiya ordusunun işğalı altında olan bütün ərazilərin verilməsinə razıdır.
Xatırladaq ki, NATO qüvvələrinin Avropadakı keçmiş baş komandanı, istefada olan general Ceyms Cons tammiqyaslı müharibənin hələ 2023-cü ildə bitəcəyinə əminliyini ifadə edib.