“Ukraynanı bu müharibədə uduzdurmaq Trampın strateji hədəflərindəndir…”

13:31 25.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Artıq aydın görünür ki, gündə bir fikir söyləmək və sonra bu fikirləri təkzib etmək Tramp üçün adi həyati normadır. Və indiyədək onun sabit-qədəm olduğu heç bir fikrə rast gəlinməyib. Odur ki, Trampın dilə gətirdiyi fikirlərə ehtiyatla yanaşmaq və ya onları ciddiyə almaq doğru deyil. Konkret olaraq, onun Ukraynaya sülh əvəzinə kapitulyasiya şərtləri təklif etməsindən sonra üzünü Putinə tutub “Vladimir, stop!” deməsini mövqe dəyişikliyi saymaq, yumşad desək, ifrat optimizmdir”.

Bu fikirləri hafta.az-a açıqlamasında dünən – aprelin 24-də ABŞ prezidenti Donald Trampın sosial şəbəkədəki bir paylaşımında  Ukraynanın amansız işğalını davam etdirən Rusiya diktatoru Vladimir Putinə xitabən “Vladimir, dur!” yazmasının onun Ukrayna savaşı ilə bağlı bundan sonrakı siyasətinin dəyişiləcəyinə dəlalət edib-etməməsi haqda sualı cavablandıran siyasi şərhçi Heydər Oğuz ifadə edib.

“O da aydındır ki, Ukraynanı bu müharibədə uduzdurmaq və Rusiyanı qalib elan etmək Trampın, eləcə də onun mənsub olduğu siyasi düşərgənin strateji hədəfləridir. Strateji hədəflər isə heç zaman dəyişilmir... Amma bilirsiniz ki, Trampın bu zamanadək istər Ukrayna, istərsə də digər məsələlərlə bağlı yürütdüyü siyasətlər ABŞ və dünya ictimaiyyəti tərəfindən xoş qarşılanmır. İş o yerə çatıb ki, Amerika vətəndaşları Tramp komandasının ən güclü aktoru İlon Maskın istehsal etdiyi maşınları almır, hətta avtoparklara hücum edib onları yandırır. Statistik məlumatlara görə, “Tesla” firmasının 2025-ci ilin birinci rübündə mənfəətləri 71%, gəlirləri 9% azalıb. Mask itkilərini bərpa etmək üçün hətta siyasətdən ayrılmağa da qərar verib. Planetin ən varlı adamının bu çöküşünün isə bir səbəbi var: Trampın yanında yer almaq. Sözsüz ki, Maskın bu çöküşü Trampın da getdikcə nüfuzdan düşməsinə işarədir. Tramp da eynilə Mask kimi öz imicini bərpa etməyə, yenidən populist çıxışlarla insanların təqdirini qazanmağa məhkumdur. Görünür, onun son paylaşımında Putinə amiranə şəkildə “Vladimir, dur!” deməsi də bu zərurətdən irəli gəlir. Amma bu qarşı çıxışlar davamlı ola bilməz. Əks halda, o, digər sahibkarının da iradları ilə qarşılaşar və gələn il keçiriləcək ara seçkilərində Konqresi və Senatı tamamilə itirə bilər”, - deyə Heydər Oğuz davamında diqqətə çatdırıb.