Universitetlərin tələbə yataqxanaları – Qiymətlər və mövcud şərait  

17:17 14.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yeni tədris ilində dərslərin ənənəvi formada bərpası bölgələrdə yaşayan tələbələr üçün ev məsələsini gündəmə gətirmiş oldu. Hazırda paytaxt Bakıda bir neçə universitetin yataqxanası mövcuddur və onlara qeydiyyat da artıq başlayıb.

Yataqxanalarda həyat şəraiti kimi elə qiymətlər də bir-birlərindən fərqlidir. Hafta.az-ın əməkdaşı tələbə şəhərciklərinin hazırkı vəziyyəti, qiymətlər və qeydiyyatla bağlı bir sıra məsələləri araşdırmaq üçün sözügedən təhsil ocaqlarından məlumat aldı.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri   Bəhruz Nəzərov bildirildi ki, Universitetin yataqxanasına qeydiyyat başlanıb. Tələbə şəhərciyi 320 yerlikdir:

“Əsasən əcnəbi tələbələr və yerli tələbələr üçündür. 1 nömrənin qiyməti 100 AZN-dir. 2-3 nəfərlikdir, məbləğ aralarında bölünür. Karantin qaydalarına uyğun olaraq hazırlıqlar görülüb. Mütəmadi dezinfeksiya işləri aparılır, əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb, temperatur ölçülür”.

Növbəti müsahibimiz isə, Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova oldu. Günel xanımın sözlərinə görə, hazırda Tibb Universitetinin 4 yataqxanası mövcuddur.

Hazırkı vəziyyət  nəzərə alınaraq  975 tələbəni bu şəhərcikdə yerləşdirmək olar. Ümumi tutumu daha çox olsa da, pandemiya ilə bağlı tələbə sayı 975 olaraq qərarlaşdırılıb:

“Azərbaycan Tibb Universitetində tələbələr üçün yataqxanalar fəaliyyət göstərir. Yataqxanalar oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. Şəraitə gəldikdə isə bura tamamilə yenidən qurulub, internetlə təmin olunub”.

Universitet rəsmisi onu da qeyd etdi ki, şəhərcikdə qiymətlər fərqlidir. Bu da tələbənin neçənci kursda oxumasından, hansı yataqxanada yaşamasından və neçə nəfərlik otaq istəməsindən asılı olaraq dəyişir:

“Hər  bir tələbənin 1 aylıq yataqxana qiyməti orta hesabla 30-90 manata başa gəlir. Tələbənin normal istirahəti üçün bütün şərait yaradılıb. Yerləşdirilmə zamanı da ilk olaraq şəhid ailələrinə üstünlük verilir və güzəşt olunur. Yer almayan tələbə olmur. Tibb Universitetinin tələbələrinin 100%-i bizim öz yataqxanalarımızda yerlə təmin olunurlar”.

Azərbaycan Texniki Universitetinin (AzTU)  mətbuat xidmətindən isə saytımıza deyildi ki, burada tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Hazırda isə, bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb:

“Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiyasistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqınlar köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz”.

Qurumun əməkdaşı həmçinin onu da vurğuladı ki, hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq.

Elə, Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərovanın da cavabı buna bənzər oldu. Çünki, bu universitetin yataqxanasında da uzun illərdir ki, məcburi köçkünlər məskunlaşıb:

“Qaçqınlar tələbə şəhərciyindən köçürülməmiş ora tələbələri yerləşdirmək mümkün deyil. Üstəlik şərait də buna imkan vermir. Qaçqınların binadan köçürülməsi tam başa çatdıqdan sonra binalar yenidən bərpa edilərək tələbələrin ixtiyarına veriləcək.  Hazırda işğaldan azad edilən ərazilərdə bərpa işləri aparıldığından məcburi köçkünlərin ora nə zaman qayıdacağı məlum deyil. Hələ ki yataqxanaların nə vaxt boşaldılacağını biz də bilmirik. Ancaq hər bir halda universitetin yataqxanası yenidən tam təmir edilməlidir”.

Belə məlum oldu ki, universitetlər yataqxana qiymətlərini və şəraitini tələbələr üşün uyğun hesab edirlər. Həmçinin tələbə şəhərciklərində  məskunlaşmaq istəyən tələbələr aylıq azı 30-40 manatlarından keçməli olacaqlar.