Təbrizdə bir qrup ətraf mühit fəalı İran rejiminin Urmiya gölünün qurumasına səbəb olan hərəkətlərinə etiraz edib.
Hafta.az-ın Günaz.tv-yə istinadən yazdığına görə, fəallar “Urmiya gölü olmadan Azərbaycan yaralıdır. Gölün ölümü günahsız insanların ölümüdür, həyat ölümüdür, Azərbaycanın ölümüdür” yazılmış plakatlar qaldırıblar.
Son illər Güney Azərbaycan milli hərəkatının ekoloji müdafiəçiləri və fəalları Urmiya gölünün qurumasının səbəb olacağı ekoloji fəlakətlər barədə ictimaiyyəti məlumatlandırmaq üçün çalışırlar. Fəallar gölün dirçəlməsinə çağırışlar edərkən, hakimiyyət tələblərə cavab olaraq həbs siyasətini davam etdirir.
Ekologiya mütəxəssisləri Urmiya gölünün qurumasının bölgədə 14 milyondan çox insanın həyatını təhlükə altına atdığını bildirirlər. Mütəxəssislərin fikrincə, gölün tamamilə yoxa çıxması yerli əhalinin məcburi miqrasiyasına və duz fırtınalarının artmasına, onları beynəlxalq miqyasda ekoloji təhlükəyə çevirə bilər.