Uşaq və gənclərimiz sağlam qidalanırmı? - Aktual

10:37 19.01.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələcəyimiz olan uşaq və gənclərin hərtərəfli yetişməsi, sağlam, intellektual vətəndaş kimi formalaşması dövlət üçün əsas prioritetlərdəndir. Təbii ki, sağlam gələcəyimiz həm də sağlam qidalanmadan asılıdır. Amma etiraf edək ki, bu gün uşaq və gənclərimizi zərərli qidalardan, qeyri-sağlam məhsullardan tam şəkildə qoruya bilmirik. İndiki gənclik daha çox hazır qidalara, tez hazırlanan məhsullara üstünlük verirlər ki, mütəxəssislər bu cür qidalanma üsulunun gələcəkdə ciddi fəsadlara yol aça biləcəyi qənaətindədirlər.

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən qida üzrə baş mütəxəssis Ağa Salamov  hesab edir ki, əslində uşaqların zərərli qidalara vərdişlərində XXI əsrin texnologiyasının güclülüyünün və dördüncü sənaye əsrinin olmasının rolu var: “Mən dördüncü sənaye əsrinin sonuncu sənaye əsri olduğunu deyirəm. Yəni, daha bundan sonra mən insanların sağlamlıq baxımından gələcəyini görmürəm. Xəstəliklər, viruslar artmaqda davam edəcək. Çünki dördüncü sənaye əsri süni qidalar əsridir. Bu əsr elə bir əsrdir ki, bu sənaye, yəni, istehsal olunan məhsullar valideynləri tənbəlləşdirir, avtomatik olaraq da kəndlini tənbəlləşdirir. Yəni, insanları torpaqdan ayırıb supermarketlərin içinə atır və supermarketlərdə də satılan qidaların 90 faizi süni məhsullardır. Yerdə qalan torpaqdan çıxan məhsullardır. Onlar da tərkibində nitratı çox olan zəhərlənmiş məhsullardır. Əslində biz baxırıq ki, təkcə uşaqlar deyil, o cümlədən, bütün dünya dördünücü sənaye əsrinin qloballaşmasından və genişlənməsindən əziyyət çəkir. Təbii ki, uşaqlar məsum bir varlıqdırlar və valideynlər çalışmalıdırlar ki, maksimum dərəcədə uşaqları “abur-cubur”lardan uzaq tutsunlar. Ümumiyyətlə, milli cizgi filmləri olmalıdır, uşaqlar milli cizgi filmlərinə üstünlük verməlidirlər. Çünki, xarici cizgi filmlərinə şirkətlər öz kadrlarını yerləşdirirlər şüuraltı şəkildə zərərli qidaların reklamını edirlər. Bu kimi məsələlərə nəzarət mütləq gücləndirilməlidir”.

Mütəxəssis vurğulayıb ki, uşaq və gənclərin sağlam qidlanmasına nəzarət gücləndirilməsə, bu gələcəkdə ciddi fəsadlara yol aça bilər: “İlk növbədə, şagird və tələbələr üçün sağlam qida menyusu tərtib edilməlidir. Bunu sağlam qida mütəxəssisləri, düzgün elmə yiyələnmiş texnoloqlar edə bilər. Əgər təklif gəlsə, mən bu menyunu könüllü şəkildə, sevə-sevə təmənnasız tərtib edərəm. Sağlam qidanın əsasını sağlam ərzaqlar və pəhriz təşkil edir. Pəhriz deyərkən, kimsə düşünməsin ki, söhbət xəstələr üçün tərtib edilən pəhrizdən gedir. Təbii ki, bu belə deyil. Pəhriz, orqanizmin normal fəaliyyəti üçün vacibdir. Şagird və tələbələr enerji içkilərindən istifadə etməməlidir, təkrar emal prosesi keçmiş yağda qızardılan qidaları qəbul etməməlidirlər. Hamımız bilirik ki, içində kartof olan un məmulatlarını nəinki səhər qızartma tavasına tökülən yağda axşamadək, hətta axşamdan tavada qalmış yağda bişirirlər. Bu, orqanizmdə konserogen maddələrə birbaşa “dəvətdir. Orta məktəblərdə enerji içkiləri, bildiyim qədər satılmır. Amma şagirdlər dərsdən sonra istədikləri köşkdən enerji içkisi alıb içir. Ali məktəb tələbələri də həmçinin. Enerji içkiləri ona görə ziyandır ki, rəngli və qazlı olduğu üçün onların tərkibinə fosfor turşusu əlavə edilir. Üzərində də yazılır: “Soyuq halda için”. Niyə bunu yazırlar, çünki soyuq halda içiləndə tərkibindəki kimyəvi maddə hiss edilmir. Enerji içkisini kimsə soyudulmamış içsə, ürəyi bulanacaq, içə bilməyəcək. Bu içkilər belə istehsal edilir. Guya ki, bədəni enerji ilə təmin edir deyə durmadan reklam olunurlar. Enerji içkiləri ürəyin ritmini artırmaqla, təbii ritmi pozur. Bir müddət sonra isə verdiyi saxta enerjini orqanizmdən geri alır. Orqanizmin təbii enerjisini də bədəndən çıxarır. Gənclər arasında ürək çatışmazlığı, baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, yorğunluğun hamısı bu içkilərin hesabınadır. Amma onlar qadağan edilmir. Tələbələrin yediyi nədir, fast-foodlar. Hansı ki, bu qida da orqanizmə ziyandır. Həm qazlı, rəngli içkilər, həm də quru yeməklər mədə-bağırsaq sistemini pozur, onikibarmaq bağırsağın zədələnməsinə, mədədə eroziyanın yaranmasına səbəb olur, bunlar da nəticədə xərçəngə gətirib çıxarır. Sözsüz ki, qida təhlükəsizliyi təkcə məktəblə, univeristetlə həll ediləsi iş deyil. Valideynlər də övladlarına düzgün qidalanma qaydalarını öyrətməlidirlər. Əgər uşaq və ya gənc evdə daim qazlı içkilərə, fast-foodlara, kartof-frelərə rəğbət görürsə, məktəbdə yeməsə də, evə gələndə yeyəcək. Valideynlər də sağlam qidalanma barədə məlumatlı olmalıdırlar. Valideynlərin ixtiyarı var ki, məktəb bufetinə  daxil olub, ərzaqların vəziyyətinə baxsın. Dövlət qurumları da öz vəzifələrini icra edərək nəzarəti gücləndirməlidir. Ən əsası isə qeyri-sağlam qidaların təhsil müəssisələrinə yol tapmasına imkan verilməməlidir”.

A.Salamov, həmçinin qeyd edib ki, bəzən şagirdlərin məktəbə evdən gətirdikləri yemək də sağlam qida olmur: “Əsasən  ibtidai sinif şagirdlərinin məktəb çantasına valideynlər yemək qoyur. Amma bu, zülal tərkibli qidadırsa, yəni ət, toyuq, yağlı yeməkdirsə, qətiyyən olmaz. Bunları məktəbə gətirmək düzgün deyil. Bir müddət qapalı vəziyyətdə, havasız yerdə saxlanan qidanın tərkibində dəyişiklik baş verir. Bu, qarın ağrısı, ishal, ürəkbulanmadan tutmuş, zəhərlənməyə qədər səbəb ola bilər. Uşaq üçün məktəbə yemək qoymaq istəyirlərsə, bu ancaq quru qidalar, quru meyvələr, müxtəlif çərəzlər, meyvə, meyvə suyu olmalıdır. Kənardan gətirilən qidalarda da mikro-bioloji çirklənmə tez baş verir. Qida çantada çirklənməyə məruz qala bilər, uşaq yeməkdən əvvəl əllərini yumayacaqsa, yenə də qidanın çirklənməsi və bakteriyaların orqanizmə düşməsi baş verəcək. Ona görə də biz uşaqları təzə meyvə, tərəvəz yeməyə alışdırmalıyıq. Təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur. Eyni zamanda, tərəvəzləri “Blanch” texnologiyası ilə bişirməliyik ki, tərkibindəki vitaminləri qorumaq mümkün olsun. Bu texnologiya nədir? “Blanch” texnologiyası bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. Bu texnologiya fransızcada “ağartmaq” anlamına gəlir, eyni zamanda fransız dilində məhsulların isti suda möhürlənməsinə də “blanch” deyilir. “Blanch” texnologiyasının tətbiqi zamanı tərəvəzlər qaynar suya əlavə olunur və biraz qaldıqda səthləri möhürlənir. Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur. Beləliklə, vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin  rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edir”.

Mövzu ilə bağlı Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə qeyd edib ki, informasiya əsrində yaşadığımız üçün bu gün uşaqların hərəkət məhdudiyyətləri var. Bunun fonunda da uşaqların qida rasionu dəyişməyə başlayıb: “Heç də təsadüfi deyil ki, onların öz dili ilə desək, kartof fri və digər fast food qidalar az qala uşaqların sevimli yeməyinə çevrilib. İldən-ilə biz görürük ki, artıq uşaqların ağız dadı belə dəyişməyə başlayıb. Daha çox üstünlük təşkil edən beynəlxalq qida brendləridir. Düzdür, məsələnin görünən tərəfi o qədər də gözə çarpan deyil, mən düşünürəm, bunlar nəzərə alınıb ki, qida rasionu dəyişsin. 10 il əvvəl ilə müqayisə etsək, görərik ki, bu gün fast food qidalardan istifadə edən uşaqların sayı çoxdur. Əlbəttə, bunlar onların həm psixi, həm də fzioloji sağlamlığına təsir göstərir. Digər tərəfdən, bu gün oturaq həyatın üstünlük təşkil etməsi də uşaqların fiziki sağlamlığına təsir göstərir. Burada valideynin, məktəbin, bir də cəmiyyətin üzərinə düşən məsuliyyət var. Mən düşünürəm ki, bu istiqamətdə maariflənmə işi aparmaq lazımdır. Bu maariflənmə işi də daha çox idiolojiyə əsaslanmalıdır. Yəni bu, ictimai şüur olaraq təlqin olunmalıdır. Bəli, bu gün cəmiyyətdə kifayət qədər insanlar var ki, oturaq işləri var. Ancaq görürük ki, həmin insanlar səhər tezdən və yaxud axşam yürüyüş edir, nahar vaxtı parklarda gəzirlər. Bu, fiziki sağlamlıq üçün vacibdir. Gəlin biz uşaqlara baxaq, biz uşaqları gəzməyə aparanda daha çox nə etmək istəyirlər? Uşaq psixologiyası ilə yanaşıb hərəkətli, dinamik şeylər oynamaq istəyirlər. Bunun əksinə isə onlar daha çox telefonda, elektron cihazlarda vaxt keçirirlər. Şübhəsiz ki, orda aldıqları informasiyalar da onların davarışına, ünsiyyətinə, ailə və cəmiyyət ilə münasibətinə təsir göstərir o da ayrı bir söhbətdir”.

Oxunma sayı 261