Uşaq və yeniyetmələri insan alveri cinayətlərindən necə qorumaq olar? - MÜZAKİRƏ

15:05 16.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması” layihəsi çərçivəsində növbəti tədbir Xaşmaz şəhərində keçirilib.

Hafta.az xəbər verir ki, Xaçmaz şəhəri 7 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə jurnalistlərin, sosioloqların və ictimai fəalların iştirak etdiyi “İnsan alverinə qarşı mübarizə, uşaq və yeniyetmələrin qorunması” adlı tədbiri rayon İcra Hakimiyyətinin nümayəndəsi Akif Mövlanov açaraq, bu mövzunun aktual olduğunu və bu sahədə maarifləndirmənin vacibliyini bildirdi. O qeyd edib ki, xüsusən də uşaqların və yeniyetmələrin bu sahədə maarifləndirilməsi və məlumatlandırırlması belə halların qarşısının alınmasında əsas vasitələrdən biridir.

Tədbirdə çıxış edən layihənin rəhbəri, HDİM-nin sədri İlham Əliyev bildirib ki, dövlət insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır: “İnsan hüquq və azadlıqları üçün qara ləkə olan insan alveri cinayətlərinin mövcudluğu ağrılı problemlərdən hesab olunur. Hazırki dövrdə bu sahədə dünyada münbit şəraitin yaranması cinayətkar qrupların diqqətini cəlb edib və bu da Azərbaycan ailə dəyərlərinə, ənənələrinə ziddi olan insan alverinin daha da aktuallaşması ilə nəticələnib. Bu səbəbdən də təşkilatımız bu sahədə əlindən gələni etməyə çalışır ki, bu problemin həlinə öz töhfəmizi verə bilək”.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentlyinin layihələrin idarə edilməsi üzrə meneceri Fuad Rzazadə çıxış edib. O, bu istiqamətdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb və bildirib ki, bu kimi tədbirlərin təşkili bu problemin aradan qaldırılması üçün vacib olan addımlardandır.

Layihənin eksperti Qismət İsmayılov isə, problemin hədəf kateqoriyasına toxunub. Ekspert deyib ki, insan alverinin qurbanları əsasən yeniyetmə və gənclər olur, ona görə də onların bu haqda daha çox məlumat alması və maariflənməsi vacibdir.

Tədbirdə ictimai təşkilatların nümayəndələri çıxış edib mövzu ilə bağlı fikirlərini bildiriblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb, dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışılıb və Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub.

Xaçmaz şəhəri 7 nömrəli orta məktəbin şagirdləri Məhərrəm Hümbətov, Vaqif Əhmədov, Əli Cəlilov, Samirə Kərimova və digərləri mövzu ilə bağlı fikirlərini bildirib, ekspertlərə suallar ünvanlayıblar. Bu suallar layihə ekspertləri tərəfindən cavablandırılıb.

Tədbirdə layihə mövzusunda hazırlanmış bukletlər paylanılıb.