Uşaqlar arasında yayılan KORONAVİRUSUN ƏLAMƏTLƏRİ AÇIQLANDI

16:20 20.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Hazırda uşaqlar arasında öskürək, mədə-bağırsaq şikayətləri, səbəbsiz temperatur yüksəlməsi halları artıb. Güman edirəm ki, bu koronavirusun uşaqlar arasında yayılan formasıdır. İndi artıq klinika əvvəlki kimi getmir, tamam fərqli bir klinikadır. Bu gün xəstələr halsızlıq, boğulma, yüksək temperaturla yanaşı, daha çox kəskin baş ağrılarından şikayət edirlər. Əvvəl baş ağrısı yox idi, indi kəskin, dözülməz baş ağrıları ortaya çıxıb. Ona görə də virus infeksiyası varsa, qapanmalara getməliyik”.

Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova deyib.

Mütəxəssis bildirib ki, vəziyyətin sabitləşməsi üçün qapanmaya getmək mütləqdir:

“Əlbəttə ki, məktəblər açılmalıdır, nə qədər onlayn təhsillə davam etsək də, görürük ki, nəticələr istədiyimiz səviyyədə deyil. Amma biz həm də unutmamalıyıq ki, çox təhlükəli virusla üz-üzəyik. Yoluxma sayı hər gün artır. Gündəlik yoluxmanın 4000 həddində olması nə deməkdir. Bu yaxşı göstərici deyil.

Əvvəlki dövrlərdə xəstələr arasnda ölüm sayı da az idi. Amma indi ölüm sayı çox yüksəkdir. Bu bizim üçün həyəcan təbili deməkdir. İnsanlarımız ehtiyatlı olmalıdırlar. Xəstəliyə, açıqlanan statistikaya inanmayan insanlar yenə də var. Burada yalandan söhbət gedə bilməz. Hamının qohum-əqrəbası, tanışı var, görürük ki, xəstəliyi hansı formada keçirirlər. Ona görə də biz mütləq vaksin vurdurmalıyıq.

Lakin vaksin vurdurmaq o demək deyil ki, biz xəstələnməyəcəyik. Əlbəttə ki, xəstələnəcəyik, sadəcə xəstəliyin klinikası ağır olmayacaq. Əgər biz məktəblərin, digər müəssisələrin açılmasını istəyiriksə, hamılıqla peyvənd vurdurmalıyıq. Məktəbə uşaq göndərən valideyn də peyvənd olunmalıdır. Çünki o, da istər-istəməz məktəblə kontaktda olacaq. Bir daha vətəndaşlarımızdan xahiş edirəm ki, bu məsələyə ciddi yanaşsınlar. Eyni zamanda, maska taxsınlar, ara məsafəsi saxlasınlar və dizinfeksiya məhlullarında düzgün istifadə etsinlər. Qaydalara riayət etsinlər ki, məktəblər, universitetlər də normal şəkildə fəaliyyətini bərpa edə bilsin”.