Dünyanın iri şəhərləri həm su qıtlığı, həm də leysan yağışların yaratdığı daşqınlarla mübarizə aparır. Dəniz suyunun səviyyəsinin qalxması sahilyanı şəhərləri də təhdid edir. Bəs həll yolu nədir?
Bir çox şəhər bu risklər qarşısında suyu öz sərhədlərindən uzaq tutmağın yollarını axtarır. Çox vaxt bu yol beton divarlar, bəndlər və s.-dir. Bunabənzər tədbirlərə “boz infrastruktur” deyilir.
Avstraliyanın Sidney şəhərindəki Yeni Cənubi Uels Universitetinin Bina Ətraf Mühit Məktəbinin müəllimi Elisa Palazzo "Bu yanaşma daşqının miqyasını və həcmini proqnozlaşdırmaq mümkün olduğu yerlərdə yaxşı işləyir", – deyir.
İqlim böhranının şəhərləri təhdid etməyə davam etməsi və sahil xətlərini dəyişməsi yeni həll yolları axtarışını qaçılmaz edir. Daşqınlara qarşı həssas olan bəzi şəhərlərdə suyu şəhərin toxumasına çevirən, artıqlığını saxlayan və çatışmazlıq halında sistemə əlavə edən strukturlara müraciət edilir.
"İqlim böhranının təsirlərinin qarşısını almaq üçün bu səylərin əhatə dairəsi kifayət qədər tez genişləndirilə bilərmi?". Sualın cavabı hələ aydın deyil. İmkanları görmək üçün bu misalları nəzərdən keçirmək lazımdır.
Bankok, Tailand: "Meymunyanaq" parklar
Çao Phraya çayının daşqın düzənliyində yerləşən Bankok şəhəri daşqınlara çox həssasdır. Əslində, 2011-ci ildə şəhərdə baş verən daşqınlar yüzlərlə insanın ölümünə səbəb olub.
Digər tərəfdən, Tailand körfəzində suyun səviyyəsi gün-gündən yüksəlir. Bundan əlavə, 11 milyon əhalisi olan Bankok şəhərləşmənin artması səbəbindən gün-gündən çökür.
Landprocess landşaft memarlığı firmasının tailandlı təsisçisi Kotchakorn Voraakhom karyerasını daşqınlara daha davamlı olan şəhərlərin tikintisinə həsr edib. Voraxomun bu prosesdə verdiyi ən mühüm sual budur: “Əgər biz təbiətə qarşı işləmək əvəzinə təbiətlə əməkdaşlıq edən şəhərlər dizayn edə bilsək nə olardı?”.
Voraakhom CNN-ə deyib: "İqlim dəyişikliyi şəhərlərin dağılmasına səbəb olur və mövcud infrastrukturlarımız bizi kütləvi daşqınlara qarşı daha həssas edir".
Voraakhomun Bankok üçün həll yollarından biri, Chulalongkorn Universitetinin sərhədləri daxilində yerləşən, şəhərin çox az sayda yaşıl məkanlarından biri olan Centenary Parkdır.
2017-ci ildə tamamlanan bu 45 000 kvadratmetrlik park suyun emalı və saxlanılması üçün nəzərdə tutulub. Maili ərazidə salınan park suyu huni kimi tikililər vasitəsilə bağlara və süni bataqlıqlara, sonra isə gölməçəyə yönəldir.
Parkın ən diqqətçəkən cəhəti gözdən uzaqda deyil, yeraltı olmasıdır. Parkın döşəməsinin altında yerləşən çənlər 160 000 qallon (605 kubmetr) su saxlayır. Parkda saxlanılan suyun miqdarı 1 milyon qalona (3 785 kubmetr) çata bilər.
Voraakhom keçən il “The New York Times” qəzetinə bildirib ki, park meymunların yanaqlarından ilhamlanıb. Meymunlar ac olduqları zaman yeyə biləcəkləri yeməkləri saxlamaq üçün yanaqlarından istifadə edirlər. Park sudan eyni şəkildə istifadə edir.
Çin: süngər şəhərlər
Həm daşqınların, həm də quraqlığın çox təsirli olduğu Çin uzun müddətdir, “süngər şəhərləri” müzakirə edir. Adından da göründüyü kimi, süngər şəhərlər suyu uda bilən və artıq suyu saxlaya bilən infrastrukturlara malikdir. Bu şəhərlərin ən mühüm elementləri bağlar, yaşıl damlar, bataqlıq ərazilər və su keçirən səkilərdir. Bu yolla su həm yerin altına düşə, həm də şəhərdən kənara çıxa bilər.
Pekin 2012-ci ildə böyük bir daşqın yaşadı. Daşqınlar nəticəsində əmlak itkisi ilə yanaşı, 80-ə yaxın insan həlak olub. Bundan başlayaraq Çin hökuməti 2015-ci ildə 16 şəhəri əhatə edən süngər şəhərlər pilot proqramına başlayıb. O vaxtdan bəri layihənin əhatə dairəsinə əlavələr edilib.
Turenscape dizayn firmasının qurucusu və süngər şəhərlər ideyasının öncüsü olan memar və müəllim Kongjian Yu, "Bütün şəhərlər düşmən kimi suya müqavimət göstərməyə çalışır" deyib və əlavə edib ki, süngər şəhərlərin məqsədi "daha çox etməkdir".
Pekində yerləşən “Yongxing River Park Yu”nun bir çox süngər şəhər layihələrindən biridir. Əvvəllər beton drenaj kanalı olan daşqın sularını idarə etmək və yağış sularını süzmək üçün Turenscape tərəfindən “süngər çayına” çevrilib. Çində süngər şəhərlərin sayı artdıqca, onların iqlim dəyişikliyinin yaratdığı yağış və fırtınaların öhdəsindən gəlmək qabiliyyəti də artır. Məsələn, Henan əyalətində yerləşən və süngər şəhər təşəbbüsünün bir hissəsi olan Zhengzhou şəhərində daşqınlar 2021-ci ildə güclü yağışlar nəticəsində 300-ə yaxın insanın ölümünə səbəb olub. Lakin Yu iddia edir ki, urbanizasiya prosesi zamanı çay yataqlarına və bataqlıq ərazilərə ziyan vuran səhvləri düzəltmək və betona alternativ istehsal etmək üçün süngər şəhərlər lazımdır.
Hollandiya: qayıqlara çevrilən evlər
Ərazisinin üçdəbiri dəniz səviyyəsindən aşağıda olan Hollandiyada su ilə əməkdaşlıq etməyin yolu su üzərində tikinti aparmaqdır.
Məsələn, Rotterdamda dünyada ilk üzən süd zavodu var. 2019-cu ildə açılan bu süd zavodundan başqa, şəhərdə tullantılardan hazırlanmış üzən parklar və hətta üzən ofis binası var. Son illərdə bunlara üzən iqamətgahlar ideyası əlavə edilib.
“Space&Matter” memarlıq firması Amsterdamın şimalındakı Schoonschip məhəlləsi üçün 30 üzən rezidensiya layihəsi hazırlayıb. Tikintisi 2021-ci ildə başa çatdırılan layihədə hazırda 100-dən çox insan yaşayır. Layihə çərçivəsində rezidensiyalardan birinin dizaynını edən i29 şirkətinin qurucularından biri Jeroen Jansen, "Amsterdam kimi bir şəhərdə yaşadığınız zaman üzən rezidensiyalar fikri çox məna kəsb edir. Burada , su və torpaq bir-birinə qarışıb”.
Əsas skeleti ağacdan, izolyasiyası isə çuval bezi və samandan olan bu evlər istilik nasosları və günəş panelləri ilə təchiz olunub. Damdakı bağlar həm yayda evləri sərinləşdirir, həm də yağış suyunu özünə çəkir. Çevik körpü yaşayış yerlərini bir-birinə və torpaqla birləşdirir. Üstəlik, strukturlar gelgitlər nəticəsində suyun səviyyəsinin yüksəlməsi və azalmasına uyğunlaşmaq üçün nəzərdə tutulmuşdur.
“Space & Matter”in kommunikasiya direktoru Tom Kolnaar CNN-ə deyib: “Schoonschip təzyiq altında olan sahil və delta əraziləri ilə necə məşğul olacağına dair prototip yaratmağı hədəfləyir". Kolnaar əlavə edib ki, layihə növbəti bir neçə onillikdə suyun səviyyəsinin qalxmasına tab gətirmək üçün tikilir, lakin artımlar gözləniləndən çox olarsa, əlavə infrastruktur dəstəyinə ehtiyac olacaq.
Maldiv adaları: Mərcan formasında dizayn edilmiş şəhər
Maldiv adaları iqlim böhranı ilə təhdid edilən ölkələrdən biridir. Hind okeanında 1000-dən çox adadan ibarət olan ölkə dəniz səviyyəsindən 1 metr belə hündürlükdə deyil. Bir tərəfdən daşqın təhlükəsi, digər tərəfdən isə artan mənzil ehtiyacı ilə mübarizə aparan Maldiv hökuməti Dutch Docklands şirkəti ilə əməkdaşlıq edərək yeni üzən şəhər inşa edir.
Şəhərin dizaynını hazırlayan Waterstudio şirkətinin həmtəsisçisi Koen Olthuis deyir: "Bu, bir növ texnoşəhərdir, lakin Maldiv adalarındakı köhnə balıqçı kəndləri kimi görünür və hiss olunur". Paytaxt Maledən dəniz yolu ilə 10 dəqiqəlik məsafədə inşa ediləcək şəhər bir çox bölmədən ibarət olacaq. Maldiv adalarında istehsal olunacaq bu qurğular laqonda bir-birinə və dəniz dibinə bərkidilmiş teleskopik (uzadılan və qısaldılmış) ayaqlara quraşdırılacaq. Ayaqların bu xüsusiyyəti sayəsində şəhər dalğalarla ahəngdar hərəkət edə və yüksələn dəniz səviyyəsinin öhdəsindən gələ biləcək.
Olthuis layihənin ətraf mühitə təsirlərini hərtərəfli qiymətləndirdiklərini bildirir. Dizayn prosesində beyin mərcanlarının "məkan və açıqlıq arasında tarazlıq tapma" qabiliyyətindən ilham aldıqlarını əlavə edən Olthuis şəhərin yuxarıdan görünüşünün də mərcana bənzəyəcəyini ifadə edib.
Bu dizaynın məqsədi insanların yaşaması üçün kifayət qədər böyük bir qəsəbə yaratmaq, eyni zamanda dəniz dibinə çatmaq üçün kifayət qədər günəş işığı üçün yer təmin etməkdir. Bundan əlavə, mərcan ekosistemləri yaratmaq üçün şəhərin altında süni atolllar yerləşdiriləcək. Şəhərin tikintisinə bu ilin sonunda başlanacağı və 2028-ci ilin əvvəlində başa çatdırılacağı gözlənilir.
Danimarka: Şəhərin mərkəzində nəhəng "iqlim parkı"
2011-ci ildə Kopenhagen çox qəfil və çox dağıdıcı yağışların şahidi olub və alimlər bunu "bulud partlayışları" adlandırırlar. Normalda bir neçə ay ərzində düşəcək yağıntının miqdarı bir neçə saat ərzində şəhərə düşüb, bəzi ərazilər 1 metr su altında qalıb. Zərərin pul dəyəri 1 milyard dollar civarında olub.
Bu fəlakətdən sonra iqlim dəyişikliyinə hazırlıq planları sürətləndirilib. Bu çərçivədə "iqlim parkı" olan Enghaveparken tikilib. (“Enghave” sözü Danimarka dilində “ot” deməkdir.)
1928-ci ilə aid olan bu park Tredje Natur memarlıq firması tərəfindən yenidən dizayn edilmişdir. Tredje Naturun həmtəsisçisi Fleming Rafn açıqlamasında "Biz çıxılmaz vəziyyətə düşdük", – deyir. Park həm öz irsinin qorunması, həm də gələcəkdə baş verəcək ekstremal iqlim hadisələri üçün hazırlanmalı idi. Təpənin ətəyində yerləşən parkın hazırkı dizaynı su kameralarının yaradılması ideyasından başlayır.
Bu çərçivədə beton hokkey sahəsi 3 metr endirilib. Bu yer sel sularının toplanması üçün başlanğıc nöqtə kimi seçilib. Sahə su ilə dolduqdan sonra su endirilmiş qızılgül bağına, dolduqdan sonra isə gölə axmalıdır. Bundan əlavə, parkda yeraltı hövzələr var. Bu hövzələr məhəllənin qalan hissəsindən yağış sularını toplamaq üçün istifadə olunur.
Rafn parkın sərhədlərində tikilən divarlar sayəsində suyun içəridə saxlanacağını və bu divarların inşası zamanı parkın tarixi ağaclarına zərər verilmədiyini vurğulayıb.
Bununla belə, 100 ildə bir dəfə baş verə biləcək həddindən artıq yağışlarda 35 min kvadratmetrlik park bir ucdan o biri ucuna qədər su ilə dolacaq. Bu su yağışlar dayanana qədər parkda saxlanıla biləcək və kanalizasiya sistemləri yükü daşıya biləcək.
Rəna