“Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin qarşısında duran əsas vəzifədir. Bu mənada sentyabrın 1-dən minimum əmək haqqının və ayrı-ayrı sahələrdə çalışanların maaşının artırılması mühüm hadisədir. Bu hadisə insanların böyük sevincinə səbəb olub”. Bunu hafta.az-a açıqlamasnda Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev deyib.
O bildirib ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət başçısı imzaladığı bir çox fərman və sərəncamlarla sosial sahədə inqilabi addımlar atıb, milyonlarla insanın həyatının yaxşılaşdırılmasına yönəldilən qərarları ilə əhalinin bir daha rəğbətini qazanıb: “Təbii ki, minimum əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərlə bağlı məsələnin həlli, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi buna nümunə ola bilər. Sentyabrın 1-də qüvvəyə minən sərəncamlar isə daha xarakterikdir və mütəxəssislərin hesablamalarına görə 2 milyondan çox insanı əhatə edir. Təkcə müəllimlərin əməkhaqqının artırılması yüz minlərlə insana şamsil olunur. Bu, pedaqoji sahədə çalışanlara göstərilən böyük diqqət və qayğının nəticəsidir. Bəzi nazirlik və komitələrdə, büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması, minimum əməkhaqqının 250 manata çatdırılması bir daha sübut edir ki, dövlət başçısının "Mən xalqın xidmətçisiyəm, bizim vəzifəmiz xalqın rifahını yaxşılaşdırmaqdır" ifadələri real həyatda öz yerini tapır. Yürüdülən siyasətin sosial yönümlü olması heç kimdə şübhə doğurmur".
Millət vəkili xatırladıb ki, Azərbaycan gündən-günə inkişaf edən və ölkəmizin iqtisadi göstəricilərə görə beynəlxalq səviyyədə qəbul edilib, qiymətləndirilən bir dövlətdir: "Sözsüz ki, inkişafımızı təmin edən Prezidentlə xalqın birliyi, insanların nailiyyətlərimizə yaradıcı təkan verməsidir. Belə olan tərzdə düşünürəm ki, bundan sonra da iqtisadi yüksəlişimiz bilavasitə vətəndaşların sosial həyatının yaxşılaşdırılmasına yönəldiləcək və yeni sosial sərəncamlar veriləcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.
Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.
Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.
Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.
İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Sevinc