Vətəndaşlar bir provayderin ümidinə qaldı - ŞİKAYƏT

10:13 13.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonunun bəzi ərazilərində abonentlərə xidmət göstərən internet provayder müştərilərə heç bir məlumat verilmədən dəyişib. Belə ki, “510”la başlayan nömrələrin ötən ilin sonuna kimi internet təminatçısı Connect şirkəti olub. Amma bu nömrələr üzrə ilin əvvəlindən provayder dəyişib.

Bununla bağlı hafta.az-a məlumat verən abonentlər bildiriblər ki, onlar yeni ay üçün Connect-ə ödəniş etsələr də, mənzillərə internet verilməyib. Səbəbi ilə maraqlananda isə məlum olub ki, yeni ildən “510”la başlayan nömrələrin internet provayderi “Baktelecom” olacaq. Yəni mənzilinin internetlə təmin olmasını istəyən abonentlər yalnız “Baktelecom”un təklif etdiyi xidmətlərdən yararlana biləcəklər. Bu isə abonentlərin seçim hüququnun məhdudlaşdırılması, bazarda inhisarın yaradılması kimi qiymətləndirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə bağlı hafta.az-a bildirib ki, belə bir vəziyyət varsa, hərtərəfli şəkildə araşdırılmalıdır:

Əvvəllər özəl şirkətlərin abonentlərinin “oğurlanaraq” dövlətə keçirilməsi halları olub

“Bu daha çox hüquqi məsələdir. Yəni birinci araşdırılmalıdır ki, bu addım vətəndaşın razılığı olmadan həyata keçrilibsə, hüquq pozuntusudur. Bununla bağlı vətəndaş, məsələn, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Eyni zamanda, “Baktelecom”la bağlıdırsa, bu da dövlət qurumu olduğuna görə,  Rəqəmsal İnkişaf  və Nəqliyyat Nazirliyinə müraciət olunmalıdır. İlk növbədə, bu dövlət qurumlarına müraciət olunmalıdır ki, bəlkə həmin orqanlar vətəndaşın pozulmuş hüquqlarını bərpa edə bilələr. Bununla vəziyyət yoluna qoyulmasa, artıq məhkəməyə müraciət olunmalı və məsələ məhkəmə çərçivəsində araşdırılmalıdır. Burada rəqəmsallaşmadan çox vətəndaşın adi hüquqlarının pozulmasından söhbət gedir. Həmçinin bu məsələdə bir məqam da araşdırılmalıdır ki, provayderlərin dəyişməsi məcburi, yoxsa könüllü olaraq baş verib”.

Ekspert, həmçinin vurğulayır ki, əvvəllər özəl şirkətlərin abonentlərinin “oğurlanaraq” dövlətə keçirilməsi halları olub:

“Məsələn, 2-3 il bundan əvvəl Gəncədə, Xaçmazda, Xırdalanda belə hallar olmuşdu. Son illərdə belə hadisələr baş verməyib. Ona görə Yasamalda baş vermiş hadisəni araşdırmaq lazımdır. Bəlkə elə əvvəlki provayderin özünün problemi var, xidmət göstərə bilmir. Əvvəlki illərə nisbətən dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl provayderlərin dövlətə məxsus rabitə resurslarından istifadəsinə xeyli şərait yaradılıb. Özəl provayderlər cəlb olunub ki, rəqabət mühiti yaransın. Bu mənada hesab edirəm, vəziyyəti hərtərəfli araşdırmaq vacibdir”.

Yeni ay üzrə ödəniş edən abonentlər şirkətimizə müraciət edib vəsaitlərini geri ala bilərlər

Məsələ ilə bağlı Connect şirkətinə də müraciət etdik. Şirkətin telefon mərkəzindən  hafta.az-a yeni ildən etibarən, “510”la başlayan nömrələrə göstərdikləri xidmətləri dayandırdıqlarını bildirdilər:

“Biz artıq o nömrələrə internet verə bilməyəcəyik. ATS sistemi dəyişib, GPON sisteminə keçib. Biz də həmin avadanlıqlara qoşula bilmirik. Hələlik, bu vəziyyət “510”la başlayan nömrələrə aiddir. Başqa nömrələr olarsa, ATS bizə bildirəcək. Əvvəlki müştərilərə də bildiririk ki, yeni ay üzrə ödəniş edən abonentlər şirkətimizə müraciət edib vəsaitlərini geri ala bilərlər”.

“Baktelecom”dan isə müraciətimizə cavab olaraq məsələnin onlara heç bir aidiyyəti olmadığını bildirdilər və Yasamal Telefon Qovşağı ilə dəqiqləşdirmə aparmağı məsləhət gördülər.

Bu, dövlət səviyyəsində olan layihədir

Yasamal Telefon Qovşağından məsələ ilə bağlı onu qeyd etdilər ki, sözügedən dəyişiklik ATS-də avadanlıqların yenilənməsi ilə bağlıdır:

“Bu, dövlət səviyyəsində olan layihədir. GPON (Gigabit Passive Optical Network) layihəsi  çərçivəsində sistem tamamilə yenilənib. Məqsəd vətəndaşlara daha operativ, daha çevik xidmətin göstərilməsidir. Tədricən ərazimizə daxil olan digər nömrələr də yeni sistemə keçiriləcək”.