Vətənpərvər gənclik

19:55 18.04.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sağlamdüşüncəli, milli mənlik şüuruna malik olan gənclərə bütün cəmiyyətlərdə ehtiyac var. Xüsusən də əhalisinin çox hissəsini gənclər təşkil edən ölkələrin gələcəyi məhz gənc nəslin yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən bilavasitə asılıdır. Ona görə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlam düşüncəli, milli mənlik şüuruna malik gənc nəslin formalaşması əsas hədəflərdəndir.

Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, ölkəmizdə bütün dövrlərdə gənc nəslin doğru yetişdirilməsinə xüsusi önəm verilib. 1918-ci ildən formalaşmağa başlayan milli mənlik şüuru, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yenidən yüksəliş dövrünə çatdı. Ölkədə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunların nəticəsində Heydər Əliyevin Fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə gənclərin I Forumunun keçirilməsi oldu. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral — Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə bir çox silsilə addımlar atılır. Dövlət başçısının gənclərin potensialından ölkə mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmini, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı «Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında» Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. 2007-ci il ölkədə «Gənclər İli»nin elan edilməsi gənclərlə bağlı davam edən siyasətin bir hissəsi idi.

Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır. Hazırda Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.

Gənclər ölkənin bütün sahələrində dövlətçiliyin əsas dayağı funksiyasını yerinə yetirir və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunurlar, ən aktiv iştirak etdikləri sahələrdən biri isə könüllülük fəaliyyətidir. Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir.

Ölkəmizdə könüllülük daha geniş bir hərəkat halını alıb. Yeni konsepsiyada formalaşan hərəkat könüllülükdə yeni yanaşmanı ortaya qoyub və bunun bütün tərəflər üçün səmərəli bir fəaliyyət olduğunu sübuta yetirib.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyir ki,  Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: “Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, Prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simpozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət-gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Bir məqamı xüsusi vurğulamalıyam ki, Vətən müharibəsinin qələbəmizlə başa çatmasını təmin edən mühüm amillərdən biri məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılması idi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda Vətənə, xalqa bağlı, torpaqlarımızın azad olunması uğrunda canlarından keçməyə hazır olan gənc nəsil formalaşıb”.

K.Əsədovun sözlərinə görə, ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir: “Ümummilli lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Vətən müharibəsindən sonra şagirdlərimizə aydın olub ki, vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Müharibədən sonra diqqəti çəkən, həm də odur ki, şəhid və qazilərin tələbə gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində tədbirlər həyata keçirilir”.

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirir ki, hazırda ölkəmizdə bu istiqamətdə çoxsaylı tədbirlər görülür: “Cənab Prezident İlham Əliyevin siyasi əqidəsi və Azərbaycan gənclərinin şücaəti ilə işğal altında olan torpaqlarımız işğaldan azad edilib. Müharibənin əsas ağırlığı isə Azərbaycan gənclərinin üzərində idi. Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, cəsarətlə vuruşan və əli silahlı düşmənin üzərinə gedənlər ilk növbədə gənclər idi. Təbii ki, gənclərdə milli mənlik şüurunun formalaşdırılması siyasəti davam etdirilməlidir. Hər bir gənc mənsub olduğu millətə, vətənə yaxından bağlanmalıdır. Bunun üçün də malik olduğu dəyərləri dərindən bilməyi vacib ünsürlərdən biridir. Məhz bu baxımdan ümumtəhsil ocaqlarında, ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilməli və gənclərin təlim-tərbiyəsinə xüsusi önəm verilməlidir. Eyni zamanda ailələrdə də bu istiqamətdə işlər aparılmalıdır. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaqlar mütləq həm savadlı, bacarıqlı olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək keyfiyyətlərdən biridir. Övladlarının tərbiyəli və vətənpərvər böyüməsi hər bir valideynin öhdəliyidir. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi milli mənlik şüuru ilə paralel şəkildə aparılmalıdır. Müasir dövrdə təhsilin qarşısında qoyulan fəal vətəndaşlar yetişdirmək vəzifəsi də sistemli və ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Vətənpərvərlik tərbiyəsinin əsası ibtidai siniflərdə qoyulur və digər mərhələlərdə inkişaf etdirilir. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllimlər gələcəyin şəxsiyyətlərinin formalaşmasında əvəzsiz rol oynayır. Məhz bu baxımdan müəllimlər maarifləndirmə tədbirlərinin çoxalmasına xüsusi önəm verməlidirlər”.

Oxunma sayı 30