Xəbər verildiyi kimi, “Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib. Belə ki, həmin polislərdən biri, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov aparılan bütün müdaxilələrə baxmayaraq xəstəxanada dünyasını dəyişib. O, hadisə zamanı bədənin müxtəlif nahiyələrindən qəlpə xəsarəti almışdı.
Qeyd edək ki, bu fakt polis əməkdaşının vəzifə səlahiyyətlərini yerinə yetirərkən xəsarət alması və ya vəfat etməsi ilə bağlı ilk hal deyil. İndiyədək ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb. Cəmiyyətin böyük bir kəsimi isə hesab edir ki, belə hallarda həyatını itirən hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına istisnasız olaraq şəhid statusu verilməlidir.
Məlumat üçün bildirək ki, Azərbaycanda qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluqçulara və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəhid statusu verilmir. Yalnız döyüşlər şəraitində canından keçən şəxslərə aidiyyəti orqanların müvafiq arayışı əsasında şəhid statusu verilir. Beynəlxalq təcrübədə isə bu məsələ fərqlidir.
Məsələn,Türkiyədə şəhid statusu verilərkən hərbçinin, təhlükəsizlik orqanı və ya polis əməkdaşının həmin vaxt xidməti vəzifəsini həyata keçirib-keçirmədiyi əsas götürülür. Təhlükəsizlik orqanları əməkdaşları, polislər, sərhədçilər də daxil olmaqla bir çox sahələrdə Türkiyədə öz vəzifəsini icra edərkən hər hansı səbəbdən həyatını itirənlər şəhid hesab olunurlar.
Bəs, görəsən, Azərbaycanda şəhidlik statusu ilə bağlı Türkiyə təcrübəsindən istifadə edilə bilərmi? Bununla bağlı mövcud qanunvericilik bazasına dəyişiklik edilməsi nə dərəcədə vacibdir?
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Fazil Mustafa deyib ki, riskli şəkildə vəzifə borcunu yerinə yetirən şəxslərə şəhidlik statusu verilməlidir:
“Bu olduqca önəmli məsələdir. Bu elə bir ekstremal vəziyyətdə baş verir ki, insanların həm də həyatını xilas etmək üçün cəhdlər göstərən konkrek şəxslərdən söhbət gedir. Onların bu proseslərdə aldığı xəsarət yaxud da həyatını itirməsi böyük bir ailəni başsız qoyur, həmin ailənin gələcəyini müəyyən çətinliklər içində qoyur. Ona görə də hesab edirəm ki, bu kimi məsələlərdə biz daha çox ümumi praktikadan, məsələn, Türkiyə, Rusiya praktikasından çıxış etməliyik. Türkiyə yanaşmasını mən də doğru hesab edirəm. Çünki polis də terrorçuya qarşı mübarizə aparır, ordu da, başqaları da. Hamısı risklidir. Riskli şəkildə vəzifə borcunu yerinə yetirən şəxslərə qarşı bu status verilməlidir. Hətta yanğınsöndürənlərə də. Bu kimi işlərdə insanlar həyatlarını riskə qoyurlar. Həyatını riskə qoyursa, cəmiyyət üçün, cəmiyyətin rifahı və təhlükəsizliyi üçün canını fəda edirsə, məsələyə də bu konteksdən yanaşılmalı və qiymətləndirilməlidir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquqşünas Sahib Məmmədov isə məsələ ilə bağlı hafta.az-a qeyd edib ki, Azərbaycan qanunvericiliyində bütün iş yerləri 14 risk qrupuna bölünüb:
“Vəzifə funksiyalarını yerinə yetirərkən istənilən şəxs istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyinə tutula bilər. Yəni, hər bir peşənin özünə görə riski var. Bizdə də hərbi qulluqçular, o cümlədən hüquq mühafizə orqanlarının işçiləri həmin risklərdən sığortalanırlar. Sizin qeyd etdiyiniz misalda hadisə sığorta hadisəsi kimi baş verib və qanunvericiliyə uyğun olaraq həlak olan yaxud da sağlamlığını itirən şəxslə bağlı sığorta prosesi işə düşür. Paralel olaraq, ailə başçısını itirməyə görə dövlətin pensiya sistemi işə düşür. Əgər həmin şəxs vəzifə səlahiyyətlərinin icrası zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstəribsə, artıq onun üçün təltif sistemi işə düşməlidir. Fikrimcə, belə hadisələrdə şəhidlik statusu verilməməlidir. Şəhid statusu vətənin müdafiəsində yalnız xarici düşmənlə deyil, daxili düşmənlə, tutaq ki, hansısa terror hadisəsinin qarşısının alınması və s. zamanı həyatını itirənlərə şamil olunmalıdır. Əslində bu dediyim məsələ də özündə müəyyən suallar yaradır. Ümumiyyətlə, şəhid statusu ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır. Yəni, qanunvericilikdə təsnifatlaşdırma aparılmalıdır, yalnız şəhid statusu ilə kifayətlənilməməlidir”.
Hüquqşünas vurğulayıb ki, Azərbaycanda vəzifə borclarını yerinə yetirərkən həlak olan, yaxud da sağlamlığını itirən şəxslərin statusu haqqında ümumi bir qanunun hazırlanması zəruridir: “Fikrimcə, həmin qanunun bir hissəsi şəhidlik statusuna aid ola bilər, digər bir hissəsi başqa bir məsələlərə. Yəni, burada mütləq təsnifatlandırma aparılmalıdır. Umumi ad ya şəhid, ya da vətən uğrunda həlak olmuş şəxs ola bilər, amma qanunun içində qruplaşma olsun. Məsələn, xarici düşmənlə mübarizədə döyüş əməliyyatlarında bilavasitə iştirak edənlər. Ümumiyyətlə, bizdə döyüş əməliyyatları zonası haqqında qanun olmalı idi. Məsələn, Rusiyada belə bir qanun var. Qanunda bununla bağlı konkret zona müəyyənləşdirilib, o zonanı keçdinsə, orada şəxsin başına hansı hadisə gəldisə, statusu birmənalı olaraq bəllidir. Tutaq ki, həmin zonadan bir addım kənara çıxdıqda baş verən oxşar hadisə zamanı status da dəyişir. Bizdə də qanunvericiliyi bu cür təsnifatlaşdırmaq lazımdır. Deyərdim ki, məcəllə şəkilinə salmaq lazımdır”.
S.Məmmədov onu da qeyd edib ki, çalışdığı Sosial Tədqiqatlar Mərkəzi bununla bağlı hökumətə təkliflər də verib: “Biz bununla bağlı hökümətə təkliflər vermişik. Yenə də vermək olar. Bununla bağlı qanunvericilik təşəbbüsü hüququ olan subyektlərdən biri, habelə ictimaiyyət çıxış edə bilər. Kütləvi informasiya vasitələri bu məsələni aktuallaşdıra bilər və qərar qəbul edənlər bu barədə düşünə bilərlər. Ümumiyyətlə, hərbi qanunvericilik və bununla bağlı olan sosial qanunvericiliyimiz hamısı bir yerdə təftiş olunmalı və yenidən baxılmalıdır”.