WMO-dan xəbərdarlıq: Yağışlar artacaq, içməli su qıtlaşacaq...

09:25 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) iqlim üzrə eksperti Joze Alvaro Pimpao Silva, "Aralıq dənizində hava və dəniz temperaturları, onların ekstremal dəyərləri və xüsusilə də istilik dalğaları qlobal orta göstəricinin üzərində artmağa davam edir" deyib.

Hafta.az-ın yazdığına görə, Silva 22 Aprel Beynəlxalq Ana Yer Günü münasibətilə AA-ya bildirib ki, onlar iqlim dəyişikliyinin artan sübutlarını görürlər, xüsusən də ekstremal hadisələrin təsirlərinə və onların artan tezliyinə və intensivliyinə baxanda”.

İqlim sisteminin müxtəlif komponentləri üçün həyəcanverici rekordların qırıldığına diqqət çəkən Silva, buzlaqların getdikcə daha çox əriməyə başladığını və 1950-ci ildən bəri tarixin ən böyük buzlaq itkisinin 2022-2023-cü illərdə baş verdiyini xatırladıb.

Silva buzlaqların itirilməsini əsas narahatlıq mənbəyi kimi şərh edərkən, "Avropa Alplarında həddindən artıq ərimə dövrü olub. Son iki ildə İsveçrədəki buzlaqlar indiki həcminin təxminən 10 faizini itirib", deyib.

Keçən il qlobal orta dəniz səviyyəsinin rekord səviyyəyə çatdığını qeyd edən Silva, bunun insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları səbəbiylə istiləşmə iqliminin təsirini göstərdiyini ifadə etdi.

Silva bildirib ki, okean istiliyinin miqdarı da təxminən 65 illik müşahidə rekordlarının ən yüksək səviyyəsinə çatıb. Ən çox danışılan iqlim göstəricisi illik qlobal temperaturdur. 2023-cü il rekordların ən isti ili olub.

Silva, daha isti bir atmosferin bəzi bölgələrin daha intensiv yağıntılar alma şansını artıracağını və bunun, atmosferin buxarlanma tələbinin daha yüksək olması səbəbindən digər bölgələrdə şiddətli quraqlıqların baş verəcəyi anlamına gələcəyini söyləyib.

Avropanın 1980-ci ildən bu yana qlobal orta göstəricidən iki dəfə çox isindiyini ifadə edən Silva, Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) bu əsrdə iqlim dəyişikliyinin Aralıq dənizi bölgəsində cəmləşəcəyini açıqladığını bildirib.

"Aralıq dənizində hava və dəniz temperaturları, onların ekstremal dəyərləri, xüsusilə istilik dalğaları qlobal ortalamanın üzərində artmağa davam edir. Bu qiymətləndirməyə yüksək səviyyədə inam var. Başqa sözlə, bu bölgədə yaşanan istiləşmə ssenarilərinə görə çox böyük ehtimalla yağışların 4 ilə 22 faiz nisbətində azalma ehtimalı var", o deyib.

Yağıntıların bu azalması ilə bağlı digər əhəmiyyətli narahatlıq səbəbinin də quraqlıq olduğunu ifadə edən Silva, quraqlığın Aralıq dənizi hövzəsindəki ölkələrdə daha çox rast gəlinməsinin gözlənildiyini vurğuladı.

Önümüzdəki illərdə Aralıq dənizində dəniz səviyyəsinin daha da yüksəlməsinin gözlənildiyinə diqqət çəkən Silva, "Aralıq dənizi ətrafındakı alçaq sahil bölgələrində sel riskləri artacaq" deyib.

İqlim dəyişikliyinin çay axınlarını azaldaraq bölgədə suyun mövcudluğunu təhdid etdiyinə diqqət çəkən Silva, bu vəziyyətin bölgədəki hidroelektrik potensialının da azalmasına səbəb olacağını söyləyib.

Silva, "Türkiyənin Aralıq dənizi hövzəsində yerləşməsi onun bu regionla eyni iqlim şəraitindən və ekstremal dəyişikliklərdən təsirlənəcəyi mənasını verir. Temperaturun və həddindən artıq istilərin artması, yağıntıların artması, eyni zamanda bu bölgədə suyun əlçatanlığının azalması gözlənilir” deyib.