“Xalq “Taliban”ı sevmir, sadəcə müharibədən beziblər” – Əsədullah Oğuz

11:00 25.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nəhayət, “Taliban” Əfqanıstana nəzarəti ələ keçirdi, yaxınlarda hökumət quracaq və öz təbirincə desək, ölkəni inkişaf etdirəcək. Bunlar sonrakı mərhələdir, bu gün maraqlı olan təşkilatın 3-5 günə o boyda ölkəni necə ələ keçirməsidir. Sanki neçə illərdir Əfqanıstan xalqı oturub gözləyirmiş ki, “Taliban” gəlirəm desin, insanlar əllərinə gül alıb onları qarşılasınlar. Bəlkə doğrudan da belədir, ola bilər xalqı canına yığıbmış əvvəlki hökumətlər, nə bilim, ölkədə meydan sulayan xarici ordular və sair.

Məsələni Əfqanıstan əsilli türkmən yazıçı Əsədullah Oğuzla müzakirə elədik.

Hə, bu arada, vətəni Əfqanıstana bir neçə kitab həsr edən yazıçının son əsəri olan “Ölkəm və mən” (Ülkem ve ben) kitabı elə bun günlərdə Türkiyədə işıq üzü görüb. Kitabda 2001-cildə baş vermiş məlum 11 sentyabr terror hadisəsindən günümüzədək Əfqanıstanda yaşananlar əksini tapıb. Kitabda, Əfqanıstanda qurulan hökumətlərin rüşvət və korrupsiyaya qurşanması, ölkəyə ayrılan yardım pullarının ortalıqdaca “buxarlanması”, NATO və ABŞ-ın buraxdığı səhvlər və bütün bunların qarşılığında “Taliban”ın sürətlə güclənərək, tərəfdarlarının sayını artırması kimi faktlardan bəhs edilir.

İndi isə müsahiblə söhbəti nəzərdən keçirək:

- “Taliban” Əfqanıstanı ələ keçirmədi, əksinə təslim aldı. Çünki bir neçə ay əvvəldən ABŞ, əfqan hökuməti, “Taliban” və Pakistan arasında Əfqanıstan iqtidarını “Taliban”a təslim eləmək haqda razılığa gəlinib. Məhz bu səbəbdən də, hamımızın gördüyü kimi, ordu müqavimət göstərmədən təslim oldu. Əminəm ki, razılaşma olmasaydı, “Taliban”ın dövlətə nəzarəti belə asanlıqla ələ keçirməsi mümkün deyildi.

- “Taliban” 20 il öncə də hakimiyyətə gəlmişdi, amma 2001-ci ildə məlum 11 sentyabr terrorunu bəhanə edərək Əfqanıstana hücum edən ABŞ-a məğlub olaraq öncə Qəndəhara, sonra da dağlara çəkildi. Birmənalı şəkildə deyirəm: İslam-şəriət donuna girərək xalqın başına min oyun gətirdi “Taliban”. Nəticədə də insanlar canlarını götürüb qaçaraq dünyanın dörd bir yanına yayıldılar. Amma maraqlıdır ki, bu gün özlərini nisbətən mülayim, daha dünyavi göstərirlər. Necə bilirsiniz, “Taliban” dünyavi ola biləcəkmi?

- Onlar qətiyyən dəyişməyib, təməl prinsiplərinə sadiq eyni təşkilatdır, eyni düşüncəyə sahibdir. Amma nəzərə alaq ki, onlar da hamı kimi, bu 20 il ərzində texnologiyadan istifadə eləməyi, sosial medianı və diplomatiyanı daha dərindən öyrəniblər. “Taliban” 1990-cı illərdəki qaranlıq idarəetməsinin yenilənmiş versiyasını tətbiq etməyə çalışacaq. Bu da köhnə qaydaların və yasaqların bir az daha yumşaldılacağı mənasını verir. Amma yenə deyirəm, təməl prinsipləri qətiyyən dəyişməyəcək. Yəni “Taliban”dan demokratiya və insani hüquqlara hörmət gözləmək xəyal olardı.

- Əfqan xalqı bütövlükdə qəbul edirmi “Taliban”ın iqtidarını? Məsələn, onsuz da olmayan azadlığı əllərindən alınmış qadınlar, dünyaya açılmağa çalışan, sabahının xəyallarını quran gənclər...

- Göründüyü kimi deyil - əfqan xalqı “Taliban”ı qətiyyən istəmir. Buna baxmayaraq xalq müharibələrdən, səfalətdən bezib. Hamı istəyir ki, qanlı müharibə, silahlı toqquşmalar başa çatsın. Hansı ki, dünənədək hər gün Əfqanıstanda ən azı 500 - 600 nəfər silahlı qarşıdurmaların qurbanı olurdu. “Taliban”ın ölkəyə hakim olmasıyla toqquşmalar dayandı, amma əvəzində insan azadlıqları birdəfəlik aradan qaldırıldı. Əslində ucqar kəndlərdə yaşayan insanlar silahlı qarşıdurmaların dayanmasından məmnundur. Amma bunu şəhərlilər, təhsilli insanlar üçün demək olmaz. Şəhər camaatı, təhsilli, mədəni, dünyagörüşlü insanlar azadlıqları əllərindən alındığı üçün son dərəcə üzgün və kədərlidir. Onlar heç birhalda “Taliban”ın hakimiyyəti altında, onun sərt şəriət qaydalarına tabe şəkildə yaşamaq istəmirlər. Bu səbəbdən də hamısı, yəni şəhərli və təhsilli insanlar Əfqanıstandan çıxıb istənilən ölkəyə getməyə çalışırlar.

- Bəzi ölkələr “Taliban”a çox isti yanaşır. Rusiya, Çin, İran, Türkiyə, Pakistan, bir çox ərəb ölkələri “Taliban”la əlaqə qura, onun iqtidarını tanıya biləcəklərini səsləndirirlər. ABŞ və ətrafına toplaşan Qərb ölkələri bloku isə bır az məsafə saxlayır. Sizcə “Taliban” qanuni hökumət olaraq dünya birliyi tərəfindən tanınacaqmı yaxın vaxtlarda?

- Qonşu ölkələrə problem lazım deyil, onlar “Taliban”la dil tapmağa çalışırlar. Elə ona görə də indidən “Taliban”ın hakimiyyətini rəsmən tanımağa həvəslidirlər. Qərb ölkələrinə gəldikdə, onlar “Taliban”ın demokratoya məsələsində nümayiş etdirdiyi sərt mövqedən narahatdırlar. Amma hansı ölkənin nə fikirləşməsində asılı olmayaraq, yeganə çözüm yolu Əfqanıstanda möhkəm özüllü və bütün tərəflərin iştirakıyla iqtidarın qurulmasıdır. Bu olarsa, hər kəs yeni hökuməti rəsmən tanıyacaq.

- Ümumiyyətlə, necə olub ki, “Taliban” yaradılıb? Şəxsən mənim araşdırmalarım Pakistanın üzərində dayanır. Siz bu prosesi necə dəyərləndirirsiniz: “Taliban”ı kimlər yaratdı və günümüzədək üzərində ciddi təsiri olan ölkə varmı?

- Bilmək lazımdır ki, “Taliban” rəsmən Pakistanın məhsuludur. Çünki xaricdən yardım edilməsə mədrəsə tələbəsi olan insanların geniş hərbi hücumları planlaşdırması, idarə etməsi və ordusu-cəbbəxanası olan bütöv bir dövləti ələ keçirməsi mmükün deyil. “Taliban”ın bütün planları və strategiyası, Pakistanın xüsusi kəşfiyyat idarəsi olan İSİ tərəfindən hazırlanır və tətbiq edilir. Fikir verin, Pakistan uzun illər Üsamə Bin Ladeni İslamabad yaxınlığında bir evdə gizlətdiyi halda ABŞ-a “Bin Laden bizdə deyil” deyirdi. Deməyim budur ki, Pakistanın nəyisə inkar etməsi reallığı dəyişdirməyəcək.

- Əfqanıstan çoxmillətli dövlətdir, orada peştunlarla yanaşı taciklər, özbəklər, türkmənlər və digər böyük etniklər yaşamaqdadır. Özbəkləri Özbəkistan, türkmənləri Türkmənistan, tacikləri Tacikistan dəstəkləyərsə nə baş verər Əfqanıstanda və ümumiyyətlə, bu mümkün görünürmü?

- İndiyədək Orta Asiya respublikalarından heç biri Əfqanıstanda yaşayan soydaşlarımıza dəstək verməyib və bu gün də vermir. Əfqanıstanda sabitlik və rifah bərqərar olarsa, həmin ölkələr də rahat yaşayacaqlar. “Taliban”ən Əfqanıstanda iqtidara gəlməsi isə əksinə, radikal islamçılığı və digər zorakılıq meyllərini sərhəddən Orta Asiyaya keçirə bilər.

- Etniklərdən söz düşmüşkən, tacik və özbəklər Pəncşirdə toplaşaraq “Taliban”a qarşı müharibəyə başlayıblar. Onlar öz torpaqlarını müdafiə edəcəklərini və “Taliban”a boyun əyməyəcəklərini bəyan ediblər. Hətta artıq iki dəfə “Taliban”ın göndərdiyi cəza dəstələrini məğlub da ediblər. Sizcə bu proses davam edəcəkmi, “Taliban”a qarşı dayana biləcəkmi Əhmət Şah və digərləri? Onlar Özbəkistan və Tacikistan, hətta bu ölkələrin adıyla Rusiya tərəfindən dəstəklənə bilərmi?

- Düzdür, müxaliflər Pəncşir vadisində toplaşıblar, amma sayları və təsiretmə qüvvəsi elə də böyük deyil. Eyni zamanda, bunu da yaddan çıxarmayaq ki, Şimal İttifaqının liderləri əfqan xalqının nəzərində etibar və inamı itiriblər. Bu gün xalq arasında onları sevənlər o qədər də çox deyil. Çünki kimsə müharibə istəmir. Ona görə də hesab edirəm ki, müxalifət “Taliban”ın qarşısında əvvəlki kimi güclü duruş gətirə bilməyəcək. Yeganə istisna var: əgər xarici ölkələr müxalifləri dəstəkləsələr, bəli, uzunmüddətli dirəniş baş verəcək, əks halda mümkün deyil.

- “Taliban” paytaxt Kabili ələ keçirmədən az öncə özbəklərin Əfqanıstanın şimalında yerləşən öz etnik ərazilərində müstəqilliklərini elan edəcəkləri bildirilirdi. Əhməd Şahın ordusununun dirənişi Əfqanıstanın parçalanmasına yol aça bilərmi?

- Əfqanıstan 43 ildir ki, müharibədədir. İndiyədək ölkədə yaşayan heç bir xalq, o cümlədən nə taciklər, nə özbəklər, nə də türkmənlər müstəqillik sözünü dilə gətirməyiblər. Bilirsiniz, ayrılmaq, müstəqil dövlət qurmaq üçün xalqın dəstəyini qazanmaq lazımdır. Bu da mümkün deyil, hazırda əfqan xalqının gündəmində və ağlında belə bir şey yoxdur.