Xalqın vahidliyini və dövlətçiliyin varisliyini təmin etdi - Bəhruz Məhərrəmov

11:59 31.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ötən 22 ildə Prezident İlham Əliyev Azərbaycan dövlətini ləyaqətlə təmsil edib, tarixin heç bir dövründə heç bir liderə müyəssər olmayacaq şəkildə xalqın vahidliyini təcəssüm etdirməyə və dövlətçiliyin varisliyini təmin etməyə nail oldu”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, İlham Əliyevin bütün maneələrə baxmayaraq əzmlə həyata keçirdiyi strategiya nəticəsində siyasi müstəqilliyin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ordu və müdafiə sənayesi quruculuğu Azərbaycanı böyük hərbi-siyasi zəfərə daşıdı:

“Beşinci ildönümünü qeyd etdiyimiz bu zəfərlə Prezident İlham Əliyev mövcudiyyət tariximizdə ilk dəfə hər kəsi, xüsusən on illiklər boyu bizi hesaba almayanları, istehza ilə məğlubiyyətə göz yummağa çağıranları, barəmizdə bizsiz qərar verənləri bizimlə hesablaşmağa vadar etdi, təcavüzkar “böyük Ermənistan” mifini qırmaqla Cənubi Qafqazda sülhü, sabitliyi təhdid edən situasiyanı aradan qaldırmış oldu. Azərbaycan və Ermənistanın öz simalarında bölgəmizin hərb meydanından əməkdaşlıq platformasına transformasiyası istiqamətində real nəticələrə aparan status-kvoya nail oldu”.

B.Məhərrəmov qeyd edib ki, 22 illik yaxın tarixə nəzər yetirsək, birmənalı şəkildə deyə bilərik ki, ötən dövrün hər günü İlham Əliyev bizi ümummilli məqsədlərə daha da yaxınlaşdırıb.