Xarici tələbələr Azərbaycanda hansı ali məktəbləri seçirlər?

14:32 14.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edirlər.

Bəs, görəsən, xarici tələbələr Azərbaycanda daha çox hansı ali məktəbləri seçirlər? Onların Azərbaycandan əldə etdikləri diplomlar öz ölkələrində tanınırmı? Azərbaycan xarici tələbələrin sayına görə dünya ölkələri arasında neçənci yerdə qərarlaşıb?

Məsələ ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycana oxumağa gələnlər arasında əsas yerdə Rusiya, Türkiyə, İran, Pakistan və Afrika ölkələrinin vətəndaşları dayanır:

“Xarici tələbələr əsasən, Bakı Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini, Bakı Ali Neft Məktəbini, Neft və Sənaye Universitetini seçirlər. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, İqtisad Universiteti də xarici tələbələrin maraq göstərdikləri ali məktəblər sırasındadırlar. Onu da qeyd edim ki, Azərbaycana oxumağa gələnlərin dipomları hazırda öz ölkələrində heç bir problem olmadan tanınır. Sadəcə olaraq onlar həmin ixtisas üzrə imtahan verməlidirlər. Yəni, yetərlilik imtahanı verirlər ki, həqiqətən də bu tələbələr oxuduqları müddət ərzində aldıqları təhsil zəruri biliklərin əldə edilməsinə imkan verib. Necə ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə təhsil alırlar və onların diplomları ölkəyə döndükdən sonra araşdırılır, təxminən eyni qayda xarici ölkələrdə də tətbiq olunur. Yəni öz ölkələrinin normativ-hüquqi aktları çərçivəsində onların bilik və bacarıqları yoxlanılır. Məsələn, Türkiyədə ixtisas bilikləri yoxlanılır, digər Avropa ölkələrində yetərli qədər Azərbaycanda olub-olmamaları araşdırılır və s.”.

Ekspert onu da qeyd edib ki, Azərbaycan artıq bəzi ixtisaslar üzrə uyğunsuzluğu tamamilə aradan qaldırıb: “Tutaq ki, Tibb Universitetində  müalicə işi ixtisası var. Bu ixtisası bitirən şəxs gedib Türkiyədə ona görə ekvivalentliyini müəyyənləşdirə bilmirdi ki, həmin ixtisasın adı uyğun gəlmirdi. Ona görə də həmin ixtisasın adını dəyişib tibb ixtisası etdilər. Məsələn, stomotologiya ilə bağlı heç bir problem yoxdur. Bu ixtisasın adı dünyanın bütün ölkələrində eynidir. Bizdə sadəcə ixtisasın adı, kreditin həcmi, təhsil müddəti və keçirilən fənlərlə bağlı problem yaranırdı. Hazırda bu sahədə heç bir problem yoxdur və uyğunsuzluqlar aradan qaldırılıb. Tutaq ki, bir tələbə təhsil müddəti ərzində 360 kredit yığmalıdır, lakin müşahidə edirik ki, bəzən Azərbaycan universitetlərinin məzunları 360 yerinə 340 kredit yığırlar. Bu da diplomun tanınması məsələsində problem yaradır”.

K.Əsədov, həmçinin vurğulayıb ki, Azərbaycan xarici tələbələrin sayına görə dünyada ən aşağı yerdə qərarlaşıb: “Azərbaycandan xarici ölkələrdə oxumağa gedənlərin sayı 41 min nəfərdir. Onun təkcə 21 min 600 nəfəri qardaş Türkiyədə təhsil alır. 8 mini Ukraynada, Rusiya və Gürcüstanda 4 min nəfər oxuyur və s. Türkiyədə isə xarici tələbələrin sayı 180 min nəfərdir və bu rəqəmin 2025-ci ildə 250 minə çatdırılması hədəflənib. Amerikada oxuyan əcnəbi tələbələrin sayı isə 1 milyon nəfərdir və yaxud ərazisi Bakının yarısı boyda olan Sinqapurun iki universitetində xarici tələbə sayı 80 min nəfərdir. Eyni zamanda, qonşu Gürcüstanın özündə bizdən dəfələrlə çox xarici tələbə təhsil alır. Azərbaycana ona görə maraq göstərmirlər ki, bizdə xarici ölkə vətəndaşlarına təqdim edilən təhsil haqqının ən ucuzu 4 min manatdır. Tutaq ki, tibb ixtisaslarına Azərbaycan vətəndaşları 4000-4500 manat, xarici tələbələr isə 5000-6000 manat ödəyirlər. Axı, Türkiyədə bir ixtisas 300 manata, Gürcüstanda 400 dollara olduğu halda, əcnəbi tələbə niyə Azərbaycana gəlsin ki? Və yaxud xarici tələbə harada qalacaq? Bizdə ali təhsil müəssisələrinin yataqxanasımı var?  Yəni, Azərbaycanda xarici tələbələr üçün təhsil haqqı qiyməti əlçatan deyil, yayayış yeri problem var, eyni zamanda, tədrisin ingilis dilində olan bölmələri keyfiyyətli deyil”.

Mövzu ilə bağlı digər təhsil eksperti Elçin Əfəndi isə hafta.az-a açıqlamasında deyib ki, son illər pandemiya ilə əlaqədar xarici vətəndaşların ayrı-ayrı ölkələrdə təhsil alması çətinləşib:

“Bu vəziyyət təbii ki, Azərbaycana gələn əcnəbi tələbələrin sayına da mənfi təsir göstərdi. Pandemiyadan əvvəlki dövrə baxsaq, bizdə bu sahədə vəziyyət elə də ürəkaçan olmayıb. Bunun da başlıca səbəblərindən biri bizim ali məktəblərin aparıcı universitetlərin reytinqinə düşə bilməməsidir. Eyni zamanda, universitetlərin böyük əksəriyyətinin yataqxanası, kampusu yoxdur. Həmçinin əcnəbi tələbələr üçün nəzərdə tutulan təhsil haqqı həddindən artıq yüksəkdir. Bizdə hazırda xarici tələbə sayı BDU-da, Tibb Universitetində, Xəzər Universitetində, Bakı Ali Neft Məktəbində daha çoxdur. Onların da əksəriyyəti Pakistan və Türkiyə vətəndaşlarıdır. Onlar əsasən, informasiya texnologiyaları, neft-qaz yönümlü ixtisaslardır”.

Oxunma sayı 35