“Xəzəryanı dövlətlərin ciddi əlaqələndirilmiş hərəkətləri lazımdır” – Oljas Bektenov

12:10 25.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın baş naziri Oljas Bektenov Rusiyaya bağlı Altay Respublikasının Mancerok şəhərində keçirilən birinci Beynəlxalq Ətraf Mühit Konfransında çıxışı zamanı Xəzər dənizinin dayazlaşdırılmasını əsas regional problemlərdən biri kimi qeyd edib.

Hafta.az-ın Primeminister.kz-ə istinadən yazdığına görə, Xəzər dənizinin səviyyəsinin azalmasına diqqət yetirilib, Xəzəryanı dövlətlər arasında regional əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

“2000-ci illərin əvvəllərindən Xəzərin səviyyəsinin aşağı düşməsi tendensiyası var. Bu və digər problemləri öyrənmək üçün Qazaxıstan Xəzər dənizi Elmi-Tədqiqat İnstitutu yaradıldı. Alimlərin proqnozları məyusedicidir. Bu unikal su anbarının qorunub saxlanılması üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli əlaqələndirilmiş hərəkətləri lazımdır”, - baş nazir qeyd edib.

Su problemləri kontekstində Oljas Bektenov Aral dənizi regionundakı vəziyyətə də diqqət çəkib. Qazaxıstan Beynəlxalq Aralın Xilasetmə Fonduna rəhbərlik edir. Ölkədə onun bərpası, Kokaral bəndinin möhkəmləndirilməsi, Sırdərya deltasının yenidən yaradılması, balıqçılıq sənayesinin dəstəklənməsi layihələri həyata keçirilir və keçmiş dənizin qurumuş yatağının yaşıllaşdırılması istiqamətində işlər aparılır.

Baş nazir buzlaqların qorunmasına yönəlmiş işlərin vacibliyini də qeyd edib. Ekspertlərin fikrincə, 2100-cü ilə qədər Mərkəzi Asiyada buzlaqların həcmi xeyli azalacaq. Bununla bağlı Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Ər-Riyadda keçirilən sammitdə buzlaqların tədqiqi və mühafizəsi səylərini birləşdirən Su Qüllələri Tərəfdaşlığı təklif edilib. Regional tədqiqatlar üçün aparıcı platformaya çevrilmiş Almatıda UNESCO-nun nəzdində Mərkəzi Asiya Regional Qlasiologiya Mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda, Qazaxıstanın birgə hidrotexniki layihələri həyata keçirməyə hazır olduğu vurğulanıb - su anbarlarının tənzimlənməsindən tutmuş suyun ölçülməsinin avtomatlaşdırılmasına qədər.

Bundan əlavə, Oljas Bektenov “Təzə Qazaxıstan” ekoloji proqramının əhəmiyyətini qeyd edib.