“Xızıda icra başçısı kimi işə başlayanda Maksim Musayevin iş kabineti vaqonda idi...”

13:18 29.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“5-ci kalon” yaradıcı insanları, xalqa, millətə, dövlətə xidmət etmək istəyən insanları daim fəal siyasətdən, idarəçilikdən kənarlaşdırmağa çalışır...”

“Maksim Musayev həm gözəl insan, səmimi qonşu, etibarlı dost kimi, həm də xalqın tanınmış ziyalısı, gördüyü işlərə görə böyük hörmət qazanmış bir ictimai-siyasi xadim kimi mütləq xatirələrdə yaşayacaq. Yəni Maksim müəllim sıradan bir adam deyildi. O, dövlət xadimi idi. Onun dəfələrlə Ali Sovetə deputat seçilməsi, Milli Məclisin üzvü olması bir neçə rayonun rəhbəri vəzifəsində çalışması hamının yadındadır”. 

Bu fikirləri Hafta.az-a açıqlamasında oktyabrın 28-də dünyasını dəyişməsindən bir il ötən görkəmli ictimai-siyasi xadim Maksim Musayev haqqında xatirələrini danışan keçmiş təhsil naziri, sabiq deputat, professor Firudin Cəlilov ifadə edib.

“Maksim Musayev qurucu, yaradıcı adam idi. Mən sadəcə onun bir rayondakı xidmətləri üzərində dayanmaq istəyirəm... Xızı rayonunu yaradan Maksim Musayev oldu... Yaxşı yadımdadır ki, o vaxt Xızıda nəinki icra hakimiyyətinin binası, heç icra başçısının əyləşib işləməsi üçün bir adi iş otağı da yox idi. Təsəvvür edirsiz,  yeni işə başlayanda Maksim müəllimin kabineti vaqonda idi... Xeyli müddət də belə oldu... Belə bir vəziyyətdə, 1990-cı illərdə yenicə müstəqilləşən dövlətin böyük vəsaitlər ayırmağa imkanı olmadığı bir durumda o, əsl cəfakeş rəhbər, xalq adamı kimi Xızı rayonunu qurub yaratdı. Əraziyə su çəkdirdi, qaz çəkdirdi, yolları təmir etdirdi, yenilərini inşa etdirdi. Bütün bu zəhmətləri nəticəsində Maksim Musayev Bakının yüz kilomterliyində yerləşən dağlıq ərazidə böyük bir rayon yaratdı. Bu, asan məsələ deyildi.  Maksim müəllim böyük işlər gördü” -deyə professor bildirib. 

“Digər icra başçılarından fərqli olaraq Maksim Musayev mənəvi cəhətdən sağlam insan idi. Yəni ələbaxan,  insan deyildi, rüşvət alan deyildi. Bunu Maksim müəllimlə həm də neçə illər parlament yoldaşı olmuş bir insan olaraq mən tam inamla, ciddi və səmimi deyirəm. Çünki bununla bağlı bir çox hadisələrin şahidi də olmuşam... Onun bu cür keyfiyyətlərini dəyərləndirmək lazımdı... Bir ziyalı, dövlət xadimi, yaradıcı insan kimi Maksim Musayevə dəyər verilməsinə böyük ehtiyac var. Çox təəssüf ki,  son illərdə Maksim müəllim siyasi fəaliyyətdən uzaqlaşdırıldı. Bunun da səbəbləri vardı... Bilirsiz, bu gün də fəaliyyətdə olan “5-ci kalon” yaradıcı insanları, xalqa, millətə, dövlətə xidmət etmək istəyən insanları daim fəal siyasətdən, idarəçilikdən kənarlaşdırmağa çalışır. Maksim müəllimə də qarşı çox haqsızlıqlar,  ədalətsizliklər oldu... Bütün hallarda Maksim müəllim yalnız Xızı camaatının yox, bütün Azərbaycan xalqının qəlbində yaşayacaq... Allah rəhmət eləsin! Məkanı Uçmaq olsun!..” -deyə Firudin Cəlilov açıqlamasının sonunda söyləyib.

Oxunma sayı 1887