Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:53 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Hafta.az xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

11:51

Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

Hafta.az xəbər verir ki, bu mərhələdə şəhərə 41 ailə (163 nəfər) köçürülür.

Doğma yurduna dönən xocavəndlilər respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir.