Hər gün, hər səhər cəbhədən sevindirici xəbərlər gəlməkdədir. Ukrayna Silahlı Qüvvələrinin gücü getdikcə artmaqdadır və Putinin bu “nüvə”, “referendum”, “qismən səfərbərlik” hay-küyü ilə əzələ nümayişi də Qərbi Ukraynaya istədiyi silah və texnikaları verməyə daha da həvəsləndirir...
Bu fikirləri hafta.az-a Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev deyib:
“Çox güman ki, yaxın günlərdə Xerson şəhərinin boşaldılmasının şahidi olacaqsız. Çünki Rusiya qoşun birləşmələrinin təchizat, loqistika yolları, demək olar ki, tam kəsilib. Cəbhə xəttinə istər silah-sursat, istərsə də ərzaq çatdırmaq imkanları yoxdur. Onların kəşfiyyatımız tərəfindən tutulan radio-danışıqlarından Ukrayna tərəfinə könüllü əsir düşmək istəyənlərin də olduğu bilinməkdədir. Bundan əlavə, Xersonu hansısa danışıqlarla tərk etmələri məsələsi də mümkündür. Odur ki, vilayətdə saxta “referendum” məsələsini də tez-tələsik həll etməyə çalışırlar...”