Yeni ixtisaslar... hansı universitetlərə şamil edilib - Sorğu

16:38 12.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

2020-ci il üçün  Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrin tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.  Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” açılıb, bəzi ixtisaslar isə ləğv edilib. Dəyişiklikdən sonra ümümi ixtisaslar aşağıdakı kimi qruplar üzrə bölünüb:

I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı

- Aerokosmik mühəndislik

-Aviasiya təhlükəsizliyi mühəndisliyi

-Geomatika və geodeziya mühəndisliyi

-Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

-Kommunikasiya sistemləri mühəndisliyi

-Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi

-Radiotexnika və telekommunikasiya mühəndisliyi

-Hərbi rabitə vasitələri mühəndisliyi

-Sərhəd təhlükəsizliyi və idarəetmə.

 II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı

-Beynəlxalq ticarət və logistika,

-Mühasibat,

-Turizm bələdçiliyi

-Turizm işinin təşkili

III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı

-Məktəbəqədər təhsil 

-İslamşünaslıq

- İctimai təhlükəsizlik və idarəetmə

 IV ixtisas qrupuna daxil edilən yeni ixtisasları

-Fizioterapiya və tibbi reabilitasiya,

-Tibb bacısı işi

-İctimai səhiyyə

-Tibb və Biotexnologiya

V ixtisas qrupuna daxil edilən yeni ixtisaslar siyahısı

-Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

-Vokal sənəti (sahələr üzrə)

Ümumilikdə qruplar üzrə 22 yeni ixtsas yaradılıb, bəzi ixtisaslar isə ləğv edilib. Universitetlərdə sözügedən ixtisaslar üzrə təhsil prosesi necə aparılacaq, yeni ixtisasların tədrisi üçün kadr potensialı gücləndirilibmi?

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirdi ki, “Səhiyyə menecmenti” üzrə magistratura proqramı, “Tibb bacıları” ixtisaslarından sonra üçüncü ixtisas kimi fizioterapist təsdiqlənsə də, 4-cü ixtisasla bağlı qərar hələ ki dəqiqləşməyib:

“Qeyd edək ki, ATU-da “Səhiyyə menecmenti” üzrə 2 illik magistratura proqramı açılır. Proqramı Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tədris edəcək. Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq. İstəyən hər bir kəs bu ixtisas üzrə təhsil üçün müraciət edə biləcək. Bundan başqa, artıq ATU-da “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq. Məlum olduğu kimi, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi. Keyfiyyətli tibb təhsili verən ATU-da bu ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq yöndə tədris aparılmırdı. ATU rəhbərliyi tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib. Yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək”.

Azərbaycan Dillər Universitetindən isə bildirdilər ki, yeni ixtisaslar ADU üçün şamil olunmayıb.

Bakı Slaviyan Universitetinin(BSU) mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov qeyd etdi ki, 2020-2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ixtisasların yeni təsnifatına uyğun olaraq aparılacaq: “Bakı Slavyan Universitetində tələbə qəbulu aparılan ixtisaslar köhnə təsnifatda olduğu kimi (kodu dəyişməklə) qaldığından bu, universitetin tələbə qəbulu plan-praqnozuna təsir etməyib”.

Bakı Mühəndislik Universitetinin(BMU) mətbuat xidmətinin rəhbəri Elman Babayev isə bildirdi ki, universitetdə Azərbaycan dili və ədəbiyyatı, həmçinin Tərcümə (ingilis dili) ixtisasları əvvəl mövcud olsa da, sonradan həmin ixtisaslar bağlanıb:

“Lakin bu ildən həmin ixtisaslar yenidən açılacaq. Bununla yanaşı universitetdə İnformasiya təhlükəsizliyi, Elektrik və elektronika mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) adlı yeni ixtisaslar olacaq. Qeyd edək ki, bu ixtisasların tədris olunması üçün universitetin kifayət qədər kadr potensialı vardır".

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovaın sözlərinə görə, Nazirlər Kabinetinin son qərarına əsasən bakalavr səviyyəsi üzrə təsdiqlənən yeni ixtisaslar hələlik rəsmi sənəd formasında Azərbaycan Texniki Universitetinə (AzTU) göndərilməyib: "Buna baxmayaraq Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumata əsasən onu deyə bilərik ki, AzTU-nun 2020-21-ci tədris ili üzrə tələbə qəbulu üçün quruma təqdim etdiyi ixtisaslar onların saytında olan ixtisaslarla uyğunluq təşkil edir. Buradan da görünür ki, yeni qərar AzTU-ya şamil edilməyib. Beləliklə, mövcud kadr potensialı universitet üçün keçərli sayılır".

Təhsil eksperti Şahlar Ələsgərov isə hafta.az-a açıqlamasında dedi ki, yeni ixtisasların açılması alqışlanmalıdır:

“Biz də bu qərarı müdafiə etməliyik. Çünki dünya inkişaf edir, bu inkişafa uyğun olaraq da təhsildə belə yeniliyin aparılmasında problem yoxdur. Kolleclərdə keçirilən bəzi ixtisasların ali məktəblərdə tədris olunması daha yaxşı haldır. Məsələn biz bilirdik ki, tibb bacısı ixtisası kolleclərdə tədris olunur. Bu ixtisas artıq Tibb universitetində hazırlanacaq. Çünki tibb  bacısı özü də həkimdir. Ali məktəbdə bu sahədə daha yüksək səviyyədə hazırlana bilər. Bundan əlavə birinci qrup üzrə bəzi yeni ixtisaslar daxil edilib ki, bunlar özləri daha perspektivli ixtisaslardır, zamanın tələbinə uyğun sayılır. Və digər qruplar üzrə yeni ixtisasların daxil edilməsi ölkə üçün vacibdir”.