Yeni qapanmalar müzakirə olunur, ehtiyac varmı – infeksionist danışır

17:54 09.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son günlər yoluxma sayında kəskin artım müşahidə olunur. Elə bu səbəbdəndir ki, Nazirlər Kobineti yanında Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müzakirələrə başlanılıb.

Bəs görəsən hazırkı vəziyyətdə qapanmalara ehtiyac varmı? Sürətli vaksinasiya riski azaltmağa kifayət edir?

İnfeksionist Nicat Əzimli mövzu ilə bağlı hafta.az-a danışarkən söylədi ki, hazırkı vəziyyətdə kütləvi qapanmalara ehtiyac yoxdur. Əhalinin böyük bir qisminin - xüsusilə də risk qrupunun vaksinasiya olunduğunu nəzərə alsaq qapanma tədbirlərinə zərurət yoxdur:

"Təhlükə öncəki ilə müqayisədə elə də çox deyil. Əlimizdə vaksin kimi güclü silah var, bu yöndə təbliğatı gücləndirmək və əhalini peyvəndlənməyə cəlb etmək daha əlverişli olardı. Təbii ki rəqəmlər sürətlə artırsa qapanmalar da istisna edilməzdir".

Mütəxəssisin fikrincə qapanma müzakirələrinə əsas səbəblər,  bizə yeni olan "Delta" variantı və kütləvi tədbirlərin çox təşkil edilməsidir:

"Biz öz təcrübəmizdə yoluxmanın artmasına şahidik. Bir evdən 1 nəfər virusa yoluxursa, 4-5 gün sonra ailənin digər üzvləri də müalicə üçün müraciət edirlər. Bu əvvəlki dövrlərlə müqayisədə yoluxma sürətinin dəfələrlə artdığını göstərir".