Yeni yaradılan Fondlar büdcə yükünü nə dərəcədə azaldır? - Araşdırma

18:11 04.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcəkdir. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Xatırladaq ki, təxminən ötən bir il ərzində Azəbaycanda ölkə Prezidentinin müvafiq fərmanları ilə Koronavirusla Mübarizəyə Dəstək, Azərbaycan Ordusuna yardım, “YAŞAT” kimi Fondlar yaradılıb. Bəs, görəsən, sözügedən Fondların yaradılmasının əhəmiyyəti nədir? Bu Fondların yaradılması büdcə yükünü nə dərəcədə azaldır?  Dövlət büdcəsinin yükünün azaldılması üçün əlavə hansı addımların atılmasına ehtiyac var?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, yeni yaradılan Fondların hər birinin öz profili var:

“Məsələn, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlər pandemiyaya , Azərbaycan Ordusuna yardım Fonduna yığılan vəsaitlər silahlı qüvvələrə, “YAŞAT” Fonduna yığılan vəsaitlər şəhid və qazi ailələrinin problemlərinin həllinə yönəldiləcək. Təbii ki, profilli fondların yaradılması çox yaxşı haldır. Bu addım həm  büdcənin yükünü azaldır, həm də mövcud problemlərin daha çevik həllinə imkan yaradır. Eyni zamanda, bu Fondlara yığılan vəsaitlərin daha şəffaf və səmərəli istifadəsinə inam var. Çünki biz görürük ki, Fondlarla bağlı yaradılan Müşahidə Şuralarında ictimaiyyətin etibar etdiyi, inandığı ziyalılar təmsil olunurlar”.

Ekspert hesab edir ki, müxtəlif profilli və ünvanlı Fondların yaradılması dövlət büdcəsinə birbaşa qənaət deməkdir: “Bu proseslərin hamısını dövlət büdcəsinə yükləmək də doğru deyil. Ona görə də əlavə dəstəyə ehtiyac var. Biz millət olaraq müharibə vaxtı öz birliyimizi yetərincə nümayiş etdirdik. İndiyə kimi yaradılan Fondlara bağlı da birliyimizi ortaya qoymuşuk. Həmin Fondlara sahibkarlardan, iri şirkətlərdən tutmuş sadə vətəndaşlara kimi ianə edən insanlar olub. Bu Fondların hər birinin sosial yükü var. Biz bu qurumlara vəsait köçürməklə həm də mövcud sosial prtoblemlərin həllinə dəstək vermiş olacağıq. Bu Fondların ünvanlı olmasının bir üstünlüyü də ondan ibarətdir ki, kim hansı Fonda istəsə, həmin Fonda dəstək göstərə bilir. Tutaq ki, hansısa şəhid ailəsinin problemi həllini tapanda, Qarabağda hansısa kənd yenidən qurulanda, Orduya hansısa texnika alınanda bu fondlara dəstək verənlər köçürdükləri ianələrlə qürur duyacaqlar. Bunun həm də mənəvə tərəfləri var ”.

Dövlət büdcəsinin yükünün azaldılması üçün əlavə hansı addımların atılmasına ehtiyac olduğuna gəlincə, Əli Əlirzayev bildirib bu istiqamətdə ən əlverişli addım xarici və yerli investorların dəstəyindən istifadə olunmasıdır: “Bunun üçün investorlara əlverişli şərait yaradılmalıdır ki, onlar da Azərbaycana sərmayə yatırmaqda maraqlı olsunlar”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov da hesab edir ki, bu kimi Fondların formalaşdırılması daha çevik addımlar atmağa imkan yaradır:

"Məsələn, Prezidentin bu günku fərmanı ilə Qarabağ Dirçəliş Fondu" yaradılıb. Bu Fond Qarabağda bərpa və yenidənqurma işlərinin daha intensiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Məlum olduğu kimi, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş torpaqların bərpası və yenidən qurulması üçün 2,2 milyard manat ayrılıb. Dövlət büdcəsindən bu istiqamətə vəsaitin ayrılması ilə yanaşı, eyni zamanda digər mənbələrdən sərmayənin cəlb edilməsi əsas hədəflərdən biridir. Xüsusən də nəzərə alsaq ki, həm yerli özəl, həm xarici sərmayənin cəlb edilməsi imkanları var, eyni zamanda dövlət özəl tərəfdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bu istiqamətdə fəaliyyətin sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu baxımdan fondun yaradılması bir tərəfdən yenidənqurma işlərinin intensivliyinə müsbət təsir göstərməklə yanaşı, fərqli mənbələrdən sərmayənin və vəsaitlərin cəlb edilməsi imkanı da yaradacaq. Bu da təbii ki, işğaldan azad olunmuş ərazilərimizə daha çox sərmayənin yönəldilməsinə gətirib çıxardacaq. Və bundan əlavə bərpa və yenidənqurma fəaliyyətlərinə maliyyə dəstəyini gücləndirəcək".

Vüqar Bayramov qeyd edib ki, bu, eyni zamanda özəl sektorun bərpa prosesinə daha yaxından cəlb edilməsinə imkan yaradacaq: "Çünki fondun əsas fəaliyyətlərindən biri dövlət özəl tərəfdaşlığının gücləndirilməsi ilə bağlıdır. Bu da imkan verəcək ki, özəl sektor işğaldan azad edilən ərazilərimizin bərpasında fəal iştirak etsin. Tərəfdaşlıq məsələsində yenidənqurma işlərinin sürətləndirilməsi və təbii ki, uzun müddət səbirsizliklə ata-baba yurdlarına qayıtmağı gözləyən məcburi köçkünlərimizin daha qısa zamanda öz rayonlarına qayıtmasını təmin etsin".