Yeni Zelandiyanın Baş naziri Kris Hipkins ölkəsinin respublikaya çevrilməli olduğunu düşündüyünü, lakin dəyişiklik üçün addımlar atmaq niyyətində olmadığını söyləyib.
Hafta.az-ın yazdığına görə, Hipkins bu barədə kral III Çarlzın tacqoyma mərasimi üçün Londona səfərindən bir neçə saat əvvəl jurnalistlərə deyib. "İdeal olaraq, Yeni Zelandiya zamanla tam müstəqil ölkəyə çevrilməli və öz ayaqları üzərində dayanmalıdır. Bununla belə, mən qubernatorun başqa dövlət başçısı ilə əvəzlənməsinin hazırda təcili prioritet olduğunu düşünmürəm", - Hipkins deyib.
Hipkins, mövcud konstitusiya mexanizmlərinin düzgün işlədiyini və buna görə də Yeni Zelandiyalılar qarşısında respublika müzakirəsi aparmaq niyyətində olmadığını bildirib.
Yanvarda Cakinda Ardernin şok istefasından sonra gözlənilmədən Yeni Zelandiyanın rəhbərliyini boynuna götürən Hipkins, həyat bahalığı böhranı yaşayan ölkədə bu problemlərin həllinə yönəlmiş siyasət həyata keçirir.
Bu il Yeni Zelandiyada yeni ümumi seçkilər gözlənilir.
Keçmiş baş nazir Cakinda Ardern də şəxsən respublikanı dəstəklədiyini, lakin bunun siyasi prioritet olmadığını söyləyib.
Keçmiş Britaniya koloniyası olan Yeni Zelandiya özünü idarə etsə də, Kral Çarlz ölkənin simvolik dövlət başçısı olaraq qalır. Britaniya monarxiyası tərəfindən ölkəyə təyin edilən qubernator Yeni Zelandiyada Kral Çarlzı təmsil edir.
Yeni Zelandiyada, bir çox keçmiş müstəmləkə ölkələrində olduğu kimi, Britaniya monarxiyasının konstitusiya rolu tez-tez mübahisələrə məruz qalır. Bununla belə, Yeni Zelandiyada Britaniya monarxiyasından ayrılaraq respublika elan etmək ideyasına dəstək məhduddur.
Bu yaxınlarda mövzu ilə bağlı hərtərəfli araşdırma aparılmasa da, 2022-ci ilin fevralında Rayd Researç tərəfindən aparılan sorğu ictimaiyyətin 48 faizinin Millətlər Birliyini dəstəklədiyini, 36,4 faizinin isə respublikaya “hə” dediyini ortaya qoyub. Nəhayət, 2021-ci ildə Barbados Britaniya monarxiyasından ayrılaraq özünü respublika elan etdi, Yamayka isə müstəqillik planlarını açıqladı.
Fevralda Avstraliya hökuməti Britaniya monarxının təsvirlərini əskinaslardan silmək qərarına gəlib. Bununla belə, pulların üzərində Çarlzın şəklinin istifadə ediləcəyi gözlənilir.