Məlum olduğu kimi, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına yumurta tədarükünə başlayıb. Ərzaq yumurtası tədarükü başlayandan bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir. Məlumatda vurğulanıb ki, martın 18-dən 24-dək olan müddətdə Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,9 milyon ədəd ərzaq yumurtası sonrakı satış üçün Rusiyaya daxil olub”.
Xatırladaq ki, 2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə 2022-ci illə müqayisədə bu müəssisələr üzrə cəmi quşların sayı artaraq 11265,0 min baş olub. Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, orta hesabla hər yumurtlayan toyuqdan 2022-ci illə müqayisədə daha çox, 244 ədəd yumurta alınıb. 2022-ci ildə ümumilikdə müəssisələr üzrə cəmi quşların sayı 10886,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb.
Bəs görəsən, Azərbaycandan Rusiyaya yumurta ixracı yaz aylarında ölkəmizdə bu məhsulun bahalaşmasına və ya qıtlığına səbəb ola bilərmi?
Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məlumata əsasən, hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətər, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrə yumurta ixrac edilir: "Yaxın Şərq ölkələri ilə birlikdə ümumi gündəlik ixrac imkanı 1.6 milyon ədəddir".
Assosiasiyadan qeyd olunur ki, Azərbaycanda gündəlik yumurta tələbi 3.5 milyon ədədə yaxındir, gündəlik istehsal isə 5 milyon civarındadır: "Azərbaycanda bir nəfərin il ərzində yumurta istehlakı 142-147 ədəddir. Ona görə də hər hansı qıtlıqdan söhbət gedə bilməz. Rusiyaya da yumurtanın ixracı daxili bazara heç bir təsir göstərməyəcək".Azərbaycanda günlük yumurta istehsalı 4 milyon 900 min – 5 milyon ədədə qədərdir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu gün Azərbaycan yumurtaya olan tələbatını tam olaraq təmin edir: “Son illər bu sahədə istehsal xeyli genişləndirilib. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə quşçuluq müəssisələrində 1053,5 milyon ədəd yumurta istehsal olunub. Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, orta hesabla hər yumurtlayan toyuqdan 2022-ci illə müqayisədə daha çox, 244 ədəd yumurta alınıb. 2022-ci ildə ümumilikdə müəssisələr üzrə hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb. Yəni, statistika da bu sahədə istehsalın genişləndirildiyini göstərir. İstehlakdan, tələbatdan artıq istehsal olunan yumurta müxtəlif ölkələrə, o cümlədən Rusiyaya ixrac olunub. Hesab edirəm ki, istehsal genişləndirildiyindən bu sahədə qıtlıq yarana bilməz. Amma süni qiymət artımının və ya süni yumurta qıtlığının müşahidə edilməsi mümkündür. Bəzi işbazlar bazarda bu kimi ajiotajlar yarada bilərlər. İnanmıram ki, bu proses uzunmüddətli olsun”.