Pakistanla Hindistan arasında tam atəşkəs əldə edildikdən sonra Pakistanın Ankaradakı səfiri Yusaf Cüneyd jurnalistlərə son vəziyyətlə bağlı açıqlamalar verib.
Hafta.az-ın yazdığına görə, Pakistan-Hindistan gərginliyi ilə bağlı videoçarxla başlayan tədbirdə səfir Cüneyd Cammu və Kəşmirdəki terror aktının Hindistan hakimiyyəti tərəfindən Pakistanın üzərinə qoyulduğunu bildirib. O əlavə edib ki, terror hücumu Hindistan tərəfindən Pakistanı ləkələmək üçün planlaşdırılıb.
Cüneyd bildirib ki, hindlilər Pakistanın baş naziri Şahbaz Şərifin hadisədən dərhal sonra hücumun əsl səbəbkarlarının tapılması təklifini qəbul etməyiblər və hava hücumu təşkil ediblər. Hindistan Hərbi Hava Qüvvələrinə aid onlarla təyyarənin Pakistana qarşı həyata keçirdiyi bombardmanda toplam 41 mülki vətəndaşın həyatını itirdiyini deyən Cüneyd, Pakistanın hava hücumlarının qarşısının alınması əməliyyatında üçü “Rafale” olmaqla 5 təyyarənin vurulduğunu bildirib.
Hindistanın Pakistanda mühüm hava bazası olan Nur Xan hava bazası da daxil olmaqla, bir çox hərbi bazanı vurduğunu ifadə edən Cüneyd, gərginliyin əvvəlindən sülh danışıqlarına hazır olduqlarını, amma Dehlinin hücumlarına cavab olaraq bir hərbi hədəfi və “Fəth” raketləri ilə iki S-400-ü məhv etdiklərini deyib.
Təqaüddə olan hindistanlı generalın “Türkiyə Pakistanın müttəfiqidir, buna görə də Türkiyəyə hücum edəcəklər” ifadələrinə gəlincə, Cüneyd bildirib ki, Hindistan mediası və siyasi liderləri çox aqressiv davranırlar.
Cüneyd Hindistan mətbuatında çıxan “Türk donanmasının Kəraçidə olması” ilə bağlı xəbərlərin müharibəyə səbəb olduğunu, hindlilərin ritorikasının isə “bizim tərəfimizdə deyilsənsə, düşmənimizsən” olduğunu bildirib.