Türkiyə Gələcək Partiyasının sədri Əhməd Davudoğlu İraq Türkmən Cəbhəsi Təlafər Vilayət Qərargahında təşkil edilən proqramda çıxışında Ankaranın hər zaman İraq türklərinin yanında olduğunu ifadə edərək, “Bir olan diridir, diri olan güclüdür” deyib.
Hafta.az-ın yazdığına görə, Davudoğlu çıxışına “Əsrlər boyu bu ata-baba yurdunda dilini, mədəniyyətini, mahiyyətini, kimliyini qoruyub saxlayan igid türkmən qardaşlarım, türkmən bacılarım və oğullarım, Anadolunun salamını sizə çatdırıram” deyə başlayıb. Türkiyənin İraqda hökumətdə kimin olmasından asılı olmayaraq türkmənlərin yanında olduğunu ifadə edən Davudoğlu, “Bil ki, Anadolu səni heç vaxt unutmadı və unutmayacaq!” deyib.
Təlafərin ürəyində xüsusi yeri olduğunu deyən Davudoğlu, 2003-cü ildə ABŞ əsgərlərinin Təlafərə girmək istədikləri zaman baş verənləri izah edib. O vaxt baş məsləhətçi olduğunu xatırladan Davudoğlu, "Təlafərdən bir qardaşım zəng etdi. “Siz türkmənsiniz, biz xarici əsgərləri öz vətənimizdə görmək istəmirik” dedi. Amerikalılara çox açıq mesaj verdik: “Heç bir xarici əsgər Təlafərə girə bilməz” deyə bildirib.
“Birlik olan diridir, diri olan güclüdür” deyən Davudoğlu, keçmişdə yaşanan iztirabları xatırladaraq, sünni, şiə fərqi yoxdur, bütün türkmənlərin qardaş olduğunu vurğulayıb.
Türkiyənin İraqa baxışının qardaşlıq üzərində qurulduğunu bildirən Davudoğlu, "İraqa baxanda sünni, şiə, türkmən, kürd, ərəb, xristian görmürük, hamısı bizim qardaşımızdır" deyib. Təlafarı “gözümüzün işığı, tacımızın tacı” olaraq xarakterizə edən Davudoğlu Ankaranın hər zaman Təlafər və türkmənlərin xidmətində olacağını bildirib.
Davudoğlu çıxışının sonunda Türkiyədəki iş adamlarını Təlafər və Mosula sərmayə qoymağa dəvət edib, Türkiyənin və Türkiyə Böyük Millət Məclisinin Təlafərin yanında olacağını bildirib. O, "Sənə söz verirəm. Türkiyə Böyük Millət Məclisində Təlafərdən, Kərkükdən, Türkmənelidən danışacağam" deyə söz verib.