“Təbii qaza azalan tələb təklifin artmasına uyğun gəlməsə, yayda qiymətlər mənfiyə düşə bilər”.
Hafta.az-ın yazdığına görə, “Bloomberg”in ekspertləri bu proqnozla çıxış ediblər.
Ötən həftə Avropada təbii qazın min kubmetr qiyməti son iki ildə ilk dəfə 300 dollardan aşağı düşüb.
Milli Enerji Təhlükəsizliyi Fondu və Maliyyə Universitetinin eksperti Stanislav Mitrahovic “Business FM”ə münasibət bildirərkən, “Təbii qazın qiyməti tələbatın azalması səbəbindən aşağı düşür. Avropa hakimiyyət orqanlarının istifadə etdiyi strategiya “tələb məhvi” adlanır və bu, pulsuz bir zövq deyil, enerji tutumlu sənayelərin tənəzzülü ilə bunun əvəzini ödəməlisən. Sıfırdan aşağı düşmə tarixdə, məsələn, 2000-ci illərin sonlarında Böyük Britaniyanın Milli Balans nöqtəsində baş verib. Qısamüddətli müqavilələr zamanı çox yüksək təklif və aşağı tələb olduqda, qaz əl altında qalır. Elektrik enerjisində də belə olub və qiymətlər müvəqqəti olaraq mənfiyə düşüb” deyib.
Qeyd edək ki, bu halda istehsalçılar əllərində qalan təbii qazı almaq üçün alıcılara pul ödəyə bilərlər.
Avropada təbii qazın yeraltı anbarlara vurulması davam edir. Mayın 23-nə olan məlumata görə, Avropanın yeraltı anbarlarının 66,5 faizi doludur, hansı ki, bir il əvvəl ehtiyatlar 44 faizdən aşağı olub.
“Bloomberg” bildirib ki, Avropanın bütün qaz anbarlarını isitmə mövsümünün başlamasına çox qalmış - avqust ayında doldurmaq mümkündür.