"Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafı üçün hasilatı artırmaq istəyirik" - TPAO-nun sədri

11:20 04.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Böhran dövründə investisiyaları azaltmaq əvəzinə inkişaf etdirdik”.

Hafta.az-ın yazdığına görə, bu sözləri TPAO-nun baş direktoru Melih Han Bilgin deyib. O, bildirib ki, dünyanın aparıcı neft-qaz layihələrindən biri olan "Şahdəniz"in ikinci ən böyük tərəfdaşı mövqeyindədirlər. "Biz Azərbaycanda yeni neft və təbii qaz yataqlarında rol almaqla həm qardaş ölkə, həm də Türkiyə iqtisadiyyatının inkişafı məqsədilə hasilatı artırmaq istəyirik”, - TPAO-nun sədri deyib.

Bakıda keçirilən “27-ci Xəzər Neft və Təbii Qaz Sərgisi”ndə açıqlama verən Bilgin qeyd edib ki, epidemiya səbəbiylə tədbir iki ildir keçirilmir və bu gün sərginin təşkili onu çox məmnun edir.

TPAO-nun 30 ilə yaxındır Azərbaycanın ən böyük layihələrində iştirak etdiyini xatırladan Bilgin, "Azərbaycana yatırılan sərmayənin həcminə baxdıqda, TPAO Azərbaycanda ikinci ən böyük xarici investordur. Biz ikinci ən böyük tərəfdaş kimi aparıcı neft-qaz layihələrindən olan "Şahdəniz"də paya sahibik, eləcə də bizim Azəri-Çıraq-Günəşli kimi digər layihələrdə də böyük tərəfdaşlıqlarımız var. Əslində biz Azərbaycandakı yeni neft və qaz layihələrində iştirak etməklə həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatı üçün hasilatı davam etdirmək istəyirik”, - TPAO rəhbəri bildirib.

Dünyanın ən böyük enerji bazarlarından sayılan Avropanın dünyanı təsir altına almağa davam edən enerji böhranından çıxış yolul axtarışında olduğunu bildirən Bilgin, TPAO-nun qlobal enerji sektorunda bu müstəvidə əhəmiyyətli rol oynamaq istədiyini qeyd edib. Deyib ki, davam edən layihələrlə həm Avropanın, həm də Türkiyənin enerji təhlükəsizliyini təmin etmək mümkündür.

Dünyada yaşanan enerji böhranının son geosiyasi risklərlə izahının tam doğru olmayacağını bildirən Bilgin, böhranın epidemiyadan əvvəlki və sonrakı dövrlər də daxil olmaqla, daha geniş perspektivdə qiymətləndirilməsini vacib hesab edib.

"2019-cu ildə neft və təbii qaz sektoruna qoyulan ümumi investisiya 560 milyard dollar olduğu halda, 2020-ci ildə pandemiyanın təsiri ilə 400 milyard dollara qədər azalıb. Əslində sənayeyə 160 milyard dollar sərmayə qoyulub. Bu sərmayə ilə dəstəklənməyən hasilat hazırda pandemiyadan sonrakı tələbatın bərpası ilə eyni həcmdədir. Hazırda tələbat artdığı üçün həm neft, həm də təbii qaz qiymətlərində artım tendensiyası davam edir. Ona görə də neft və təbii qazın qiymətlərinə mövcud geosiyasi risklərdən daha çox, pandemiya prosesi və pandemiyadan sonra yaranan şərait təsir edib”, - Melih Han Bilgin deyib.

Neft və təbii qazın qiymətlərində qısa müddətdə ani dəyişikliklər gözləməyin doğru olmayacağını bildirən Bilgin əlavə edib ki, Türkiyənin timsalında böhran dövründə investisiyaları azaltmaq əvəzinə daha da inkişaf etdirıblər və müsbət nəticələrini də görüblər. Bu özünü həm yerli istehsalda, həm də xaricdəki layihələrdə TPAO-nun varlığının artması ilə göstərib.