"BƏƏ enerji layihələrimizə maraq göstərir" - Nazir Alparslan Bayraktar

10:20 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Körfəz ölkələrinin, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyədəki enerji layihələrinə ciddi maraq göstərdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı və Qətərin də Türkiyə ilə enerji layihələri inkişaf etdirməyi hədəflədiyini deyən nazir enerji sahəsində əməkdaşlığın geniş vüsət aldığını vurğulayıb.

Bayraktarın sözlərinə görə, Türkiyə ilə BƏƏ arasında enerji layihələri sahəsində 29,7 milyard dollarlıq razılaşma var. Bu layihələrin əksəriyyəti bərpa olunan enerji sektorunda həyata keçirilir və bura külək, günəş, dəniz külək enerjisi layihələri, təbii qaz və hidrogen, yaşıl ammonyak istehsalı daxildir.

Körfəz ölkələrinin xüsusilə Türkiyənin bərpa olunan enerji sektoruna maraq göstərdiyini bildirən Bayraktar, "4-5 min meqavatlıq bərpa olunan enerji layihələrinə maraq göstərdiklərini görürük" deyib. Regional əməkdaşlığın inkişafının zəruriliyini vurğulayan nazir BƏƏ və Səudiyyə Ərəbistanının bununla bağlı tələb və istəklərinin olduğunu da diqqətə çatdırıb.

Digər tərəfdən Bayraktar, Trakyada qurulması planlaşdırılan yeni AES üçün Çin şirkətləri ilə danışıqların davam etdiyini bildirib. Nazir Sinopda daha bir nüvə enerjisi layihəsi üçün "Rosatom"la danışıqlar aparıldığını, kiçik modul reaktorlar üzrə ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq imkanlarının qiymətləndirildiyini bildirib.

Nüvənin Türkiyənin enerji səbətində mühüm yer tutması lazım olduğunu vurğulayan Bayraktar, 2024-cü ildə Akkuyudakı ilk reaktordan elektrik enerjisi istehsal etməyi hədəflədiklərini və bu layihə ilə Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən yüzdə 10-unun Akkuyudan qarşılanacağını bildirib.