Koronavirus epidemiyasında hazırladıqları peyvəndi dünyanın bir çox ölkəsində istifadə edilən BioNTech şirkəti peyvəndin yan təsirləri ilə bağlı açılan təzminat işində bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq.
Hafta.az-ın yazdığına görə, şirkətin mərkəzi ofisinin yerləşdiyi Almaniyada açılan iddiada şəxsiyyətinin məxfi saxlanılmasını tələb edən iddiaçı peyvəndin bədənində əks təsir göstərdiyi iddiasına görə ən az 150 min avro təzminat istəyir.
BBC Türkcənin xəbərinə görə, iddiaçı peyvənddən sonra bədəninin yuxarı hissəsində ağrılar, əl və ayaqlarda şişlik, yuxu pozğunluğu və yorğunluqdan əziyyət çəkdiyini iddia edir.
Bildirək ki, “BioNTech” türk əsilli professor Özləm Türəci və professor Uğur Şahin tərəfindən təsis edilib. Türəci və həyat yoldaşı Şahin 2021-ci ildə "insanlığa xidmətlərinə" görə Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni ilə təltif olunublar.
İddiaçını təmsil edən Rogert & Ulbrich hüquq firmasından hüquqşünas Tobias Ulbriç “Reuters”ə bildirib ki, Avropa İttifaqının tənzimləyici qurumları və Almaniyanın peyvəndi qiymətləndirmə agentlikləri tərəfindən “BioNTech” peyvəndinin "müsbət fayda-risk profilinə" malik olduğu qiymətləndirməsi məhkəməyə etiraz ediblər.
Fayda-risk profili məhsulun və ya müalicə metodunun potensial faydalarının onun potensial risklərinə nisbətini təsvir edən termindir. “BioNTech” peyvəndinin qiymətləndirmələrində peyvəndin faydalarının mümkün risklərdən və ya potensial yan təsirlərdən daha çox olduğu qənaətinə gəlinib.
Almaniyanın dərman qanunlarına görə, peyvənd və ya dərman istehsal edən şirkətlər yalnız tibb elmi məhsulun faydalarına qeyri-mütənasib zərər verdiyini sübuta yetirdikdə və ya dərmanın etiketində yanlış məlumat olarsa, kompensasiya ödəməyə borcludurlar.
ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə peyvəndi istehsal edən “BioNTech”, "diqqətli araşdırmadan sonra işin əsassız olduğu qənaətinə gəldiklərini" bildirib. Şirkət peyvəndin müsbət fayda-risk profilinin hələ də müsbət olduğunu qeyd edib.
Açıqlamada, dünyada 64 milyonu Almaniyada olan 1,5 milyard insanın “BioNTech” peyvəndi olduğu bildirilib.
Avropa Dərman Agentliyi (EMA) də peyvəndin təhlükəsiz olduğunu bəyan edib.
Keçən həftə keçirdiyi mətbuat konfransında EMA, təsdiqlədikləri bütün Kovid vaksinlərinin, o cümlədən “BioNTech”in faydalarını bir daha təsdiqləyib və peyvəndlərin dünya miqyasında ən azı 20 milyon insanın həyatını xilas etdiyini təxmin etdiklərini bildirib.
EMA-nın verdiyi açıqlamada peyvəndin gənc kişilərdə "ürək əzələsi" və "perikardın iltihabı" riskinin çox aşağı olduğu deyilib.
Beynəlxalq qurumlar tərəfindən təsdiqlənmiş dərmanlarda gözlənilməz yan təsir ehtimalı çox aşağıdır. Bununla birlikdə, Kovid-in sürətlə yayılması və peyvəndlərin gözlənilməz tezlikdə istehsalı ilə, normaldan daha qısa sınaq müddəti ərzində bütün potensial yan təsirlərin araşdırılmaması ilə bağlı narahatlıqlar var idi. Digər tərəfdən EMA, təsdiqləmə prosesində sürətli olmaq üçün təhlükəsizliyin pozulmadığını bildirib.
“Reuters” yazıb ki, iddiaçının haqlı olduğu aşkarlanarsa, təzminat və məhkəmə xərclərini kimin ödəyəcəyi bəlli deyil. Çünki mənbələr, AB-nin vaksin istehsalçıları, o cümlədən BioNTech-“Pfizer”lə toplu alış müqavilələrində tam və ya qismən “məsuliyyətdən azad etmə” bəndini ehtiva edir, ona görə də iddiaçı iddiada qalib gələrsə, Aİ dövlətlərinin hökumətləri də cəzanın bir hissəsini öz üzərinə götürməlidir.