"Exchange"lər qayıdır? - Aktual

13:39 13.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda, xüsusilə bölgələrdə valyuta mübadilə məntəqələrinin sayı elə də çox deyil. Bu məsələdən daha çox əziyyət çəkənlər isə ölkəyə gələn turistlərdir. Ekspertlər hesab edirlər ki, əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, turistlərin valyuta dəyişməsini daha da asanlaşdıran addımlar atmalıyıq.

Yeri gəlmişkən, Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələrinin formalaşdırılması nəzərdə tutulub. Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bildirib ki, "Mərkəzi Bank haqqında" qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur: "Yeni təklif olunan qanunda "Exchange" - valyuta mübadilə şöbələrinin müstəsna fəaliyyət kimi nəzərdə tuturuq və istəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institusional bir valyuta mübadilə biznesi formalaşsın".

Qeyd edək ki, "Valyuta tənzimi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq. Ərizəyə qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti də əlavə olunmalıdır.

Xatırladaq ki, ölkədə “Exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. 2016-cı ilin yanvar ayında manatın ikinci devalvasiyasından az sonra bankların şöbə və filiallarından kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanılması barədə qərar qəbul edilib. Məqsəd milli valyutanın təzyiq altında qalmaması və ölkədən kapital axınının qarşısının alınması olub.

2017-ci ildə manatın məzənnəsinin nisbi sabitləşməsindən sonra ölkədə "Valyuta tənzimi haqqında" yeni qanun qəbul edilib. Həmin qanunla valyuta mübadiləsi lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilməyə başlayıb. Bu qanun banklardan kənarda valyuta dəyişmə məntəqəsi açmağa icazə verib. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilir.

"Valyuta tənzimi haqqında" qanuna görə, Azərbaycanda valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız yerli banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.

Qanuna əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanundan irəli gələn tələblərə əməl etməlidirlər. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.

Məsələyə münasibət bildirən bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bizimlə söhbətində deyib ki, hazırda ölkədə valyuta mübadilə məntəqələrinin fəaliyyəti ilə bağlı problem yoxdur: “Mövcud qanunvericiliyə görə, istənilən bankın filialına və şöbəsinə girib pulu dəyişmək olur. Banklardan kənarda sırf valyuta dəyişmə məntəqəsi azdır, lakin bu da insanlar üçün çətinlik yaratmır. Hətta bəzi bankların bankomatlarından xarici valyuta da çıxartmaq olur. Bu məsələ tələbata bağlıdır. Amma valyuta dəyişməklə bağlı qeyri-rəsmi, qeyri-qanuni məhdudiyyət var. Tutaq ki, bir vətəndaş il ərzində yalnız 20 min manat ekvivalentində xarici valyuta ala bilər. Digər tərəfdən, valyuta alışına tələbat da kəskin azalıb. Birincisi, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. İkincisi isə valyuta dəyişmək ilə bağlı qeyri-rəsmi məhdudiyyətin olmasıdır. Bu məhdudiyyət insanları valyuta alışından çəkindirir. Yəni şəxs düşünür ki, bankda onu bu pulu haradan, necə qazandığı barədə sorğu-sual edəcəklər, nəticədə onun başı ağrıya bilər. Ona görə də çox vaxt çəkinirlər. Heç bir dövlət orqanı da bunu boynuna almır ki, kim bu məhdudiyyəti qoyub. Məsuliyyəti yenə bankların üzərinə yıxırlar. Yəni, əslində bu məsələ bank sektoru üçün elə də aktual deyil, bank sisteminin bundan da aktual məsələləri var. Digər tərəfdən, Azərbaycanda bank olmayan kredit təşkilatları var.  Milli Məclisin  İqtisadiyyat komitəsinin iclasında bank olmayan kredit təşkilatları haqqında da qanun təqdim  olunub. Yəni bank olmayan kredit təşkilatlarının da fəaliyyətlərini bir qədər genişləndirirlər. Belə ki, onlar da ödəniş hesabları aça biləcək və s. Lakin onlara valyuta mübadiləsi əməliyyatlarına icazə verilmir. Bunun özü çox təəccüblüdür. Çünki Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının ən azı öz kapitalı 300 mindir, valyuta  mübadiləsi məntəqələrinin kapitalı isə 50 mindir. Yəni Mərkəzi Bank bu fəaliyyəti genişləndirmək istəyirsə, elə bank olmayan təşkilatlara da icazə  versin ki, valyuta mübadiləsi əməliyyatları aparılsın. Hesab edirəm ki, bu, həm ölkə vətəndaşları, həm də ölkəyə gələn turistlər üçün kifayət edər”.