"Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Prezident qeyd edib ki, xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir: "Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək".
Prezidentin çıxışında toxunduğu rayonların sosial-iqtisadi vəziyyəti məsələsini hafta.az-a şərh edən iqtisadçı ekspert İlham əzizov hesab edir ki, kənd yerlərində infrastruktur problemləri həllin tapmalıdır, dövlət tərəfindən kənddə qalıb çalışmaq üçün yeni həvəsləndirici layihələr həyata keçirilməlidir:
"Bilirsiniz ki, hal-hazırda ölkədə “Regionlarn sosial-iqtisadi inkişafının 4 cü Dövlət proqramı qəbul edilib və həyata keçirilir. Bu proqram kənd rayonlarının problemlərinin dövlət səviyyəsində həllini nəzərdə tutur. Lakin ölkə başçısının da qeyd etdiyi kimi, bir çox məsələlər həllini tapa bilmir. Bütün bu problemləri bir neçə qrupda vermək olar. Ən başlıca məsələ kənd təsərrüfatı sahəsində olan problemlərdir. Bunlara suvarma sistemlərində, əkinçilikdə və fermer təsərrüfatlarının aqro-texnikaya olan tələbatının ödənilməsindəki catışmazlıqlar aiddir. Belə ki, rayonlarda olan suvarma kanallarının 80 faizi torpaq kanallardır. Bu kanallar da su ötürərkən 40 faizə yaxın itkiyə yol açır. Bu sahədə oliqarx məmurların suvarmada qanunsuzluga yol vermələri böyük problemlərdəndir. Kənd təsərrüfatında istehsal olunmuş malların satışı ciddi məsələ olaraq qalır. Kəndli istehsal etdiyi məhsulu ya bazara çıxara bilmir, ya da ucuz qiymətlə alverçilərə verir. Fermer təsərrüfatlarının aqro-texnikaya olan ehtiyacları tam ödənilmir. Odur ki, aqro-texniki parkların fəaliyyəti yenidən qurulmalıdır.
İkinci qrup məsələlərə kəndli fermer təsərrüfatlarının toxum, əkin və s. işlər üçün maddi dəstək məsələsi durur. Fikrimcə bu məsələləri təmin etmək üçün yeni aqro-banklara ehtiyac vardır. Bu dövlətin ərzaq təhlükəsizlik məsələsi oldugundan dövlət dəstəyi ilə bu bankların yaradılması və kreditlərin verilməsi vacib işlərdəndir. Bir qrup məsələ isə kənd yerlərində iş yerlərinin artırılması və kənddən şəhərə axının qarşısının alınmasıdır".