“Azərbaycan yeni kosmik ölkədir. Lakin ölkəmizin bu sahədə yeni olmasına baxmayaraq, 3 peykimiz var. Bu da çox qısa zamanda Azəraycanın kosmik ölkələr arasında xüsusi mövqeyə malik olmasına şərait yaradıb”. Bu fikirləri hafta.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Ekspert vurğulayıb ki, Bakının Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmasını Azərbaycanın innovativ sənayedə apardığı islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymət kimi dəyərləndirmək olar: “Məlum məsələdir ki, sənayedə aparılan islahatlar ənənəvi sektorlarla yanaşı, innovativ sektorun inkişafını da stimullaşdırır. Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir. Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusən də, bu istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir. Bu mənada Beynəlxalq Astronavtika Konqresi kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanda kosmik sənayenin daha da inkişafına təkan verəcək”.