"Cənubi Qafqazda sülhün və sabitliyin qorunması müstəvisində Azərbaycan və Gürcüstan hər zaman mühüm addımlar atıblar. Eyni zamanda, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra regionda yeni geosiyasi şərait formalaşıb".
Bu sözləri Hafta.az-a müsahibəsində siyasi ekspert İlyas Hüseynov deyib. Politoloq bildirib ki, Vətən müharibəsi dövründə Gürcüstanın balanslı mövqeyini xüsusi qeyd etmək lazımdır. Azərbaycan isə hazırda Cənubi Qafqazda əməkdaşlıq mühitinin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

“Prezident İlham Əliyevin Gürcüstana səfəri də məhz regional əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Burada iqtisadi, siyasi, nəqliyyat, enerji, humanitar və mədəni münasibətlərin daha da dərinləşdirilməsi əsas meyar olaraq götürülür. Gürcüstan öz ərazisindən neft və qaz kəmərlərini keçirməklə Azərbaycanla əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qaldırıb. Gürcüstanın ərazisi Azərbaycan üçün Qərbə əsas çıxış qapısıdır. Bildiyimiz kimi, Bakı-Tiflis Ceyhan, Bakı-Ərzurum və sair neft-qaz xətləri məhz Gürcüstan torpaqlarından tranzit olaraq keçməkdədir. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə isə Şərq-Qərb nəqliyyat dəhlizi istiqamətində vacib bir siqment işə salınıb. Bütün bunlar onu deməyə əsas verir ki, regional kommunikasiyaların inkişafı istiqamətində Azərbaycanla Gürcüstan ortaq mövqe sərgiləyir”, - deyib siyasi ekspert.
Müsahibimizin fikrincə, başqa bir məsələ Türkiyə-Azərbaycan-Gürcüstan geosiyasi üçbucağıdır ki, burada artıq siyasi, iqtisadi, nəqliyyat, enerji layihələri ilə yanaşı hərbi siqment münasibətləri tamamlayır. Hərbi müstəvidə əlaqələrin genişlənməsi isə məhz strateji əhəmiyyətli kommunikasiyaların təhlükəsizliyini daha da gücləndirir. Bundan əlavə, prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə mühüm mesajlar da verilib.
“Gürcüstan Cənubi Qafqaz ölkələri arasında əlaəqlərin inkişaf etdirilməsində maraqlı dövlət olaraq özünü göstərir. Bunun nəticəsidir ki, Gürcüstan işğaldan azad edilmiş rayonlarda minalanmış ərazilərin xəritəsinin Bakıya verilməsi üçün Azərbaycanla Ermənistan arasında vasitəçi rol oynayıb. Düzdür, burada ABŞ-ın rolu danılmazdır, amma Gürcüstan da bu prosesdə özünü Qərbin vacib müttəfiqi olaraq isbatlayıb”, - deyib İ.Hüseynov.
Gürcüstanın xeyli vaxtdır Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istədiyini bildirən İ.Hüseynova görə, bu təşəbbüslər mütləq təqdir olunmalıdır. Amma bu bir həqiqətdir ki, hazırda proseslər əsasən Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə icra olunur. “Düşünürəm ki, Gürcüstanın sülhün möhkəmləndirilməsi istiqamətində təşəbbüsləri daha da inkişaf etdirilə bilər. Çünki Gürcüstan Cənubi Qafqazda özünəməxsus ölkədir, orada azərbaycanlılar və ermənilər yığcam şəkildə yaşayırlar. Bu da Cənubi Qafqazda birgəyaşayış baxımından mühüm amil kimi dəyərləndirilə bilər”, - deyib ekspert İ.Hüseynov.