"Restoran və kafelər insanların hüquqlarını ən çox pozan yerlərdir" - Birlik sədrindən ittiham

16:37 31.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur”.  Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.   

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın:

“Yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi halları var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”. 

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam edir və ildən-ilə bu proses artır:

“Bir zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.

Bəs bu gün restoranlarda verilən ətlərə nəzarət mexanizmi hansı səviyyədədir?

Məsələni hafta.az-a şərh edən Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov dedi ki, Qida Təhlükəsizliyi Agentliyi bu barədə hər zaman araşdırma aparır: “Ancaq məsələ odur ki, belə bir halın baş verdiyini onlara bildirəndə konkret ünvan, restoran adı istəyir. Əslində nəzarət mexanizmi başdan-başa bütün restoranlara tətbiq olunmalıdır. Daha şikayət olanda hansısa restorana gedib yoxlanış etmək, məsələni kökündən həll edə bilməz. Hər gün səhər yüzlərlə restoran və kafelər yeməklər hazırlayırlar. Bir saaatın içində bütün yeməklər hazır olur. AQTA bir saat ərzində bu qədər obyektlərə necə nəzarət edir? Restoran və kafelər insanların hüquqlarını ən çox pozan yerlərdir. AQTA öz hüququndan istifadə edib, satılan, restoranlarda bişən ətlərin keyfiyyəti və mənbəyi ilə maraqlana bilər”.