"Rusiya ərazidə olsa da, hər şeyi idarə etməsinə Azərbaycan imkan verməyəcək" - Coşqun Başbuğ

12:08 17.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusu, Ermənistan tərəfindən işğal edilmiş torpaqları düşmən tapdağından qurtarmaq üçün 44 gün müharibə apardı və parlaq zəfər qazandı. İşğal altındakı torpaqların yarısı və xüsusilə də Şuşa şəhəri hərb yoluyla azad edildi, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli sazişlə döyüşlər sona çatdı.

Bu sazişə əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları, eləcə də Qazax, Zəngilan və Qubadlının ermənilərin nəzarətində olan bəzi kəndləri döyüşsüz Azərbaycana təslim ediləcək. Dağlıq Qarabağın ermənilər yaşayn ərazisi isə Rusiya sülhməramlılarının nəzarətində qalacaq. Bundan sonra isə, gördüyümüz kimi, ictimai diskussiyalar sırf Rusiya ordusunun sülhməramlı adı ilə Qarabağ bölgəsinə daxil olması fonunda yayılmağa başladı. Yəni Rusiya bura gəlməli idimi, gəlibsə işi nədən ibarət olmalıdır, Türkiyə ordusunun da gəlməsi lazımdırmı və sair yönümündə fikirlər səslənməkdədir.

Təhlükəsizlik mütəxəssisi, istefada olan polkovnik Coşqun Başbuğ deyir ki, Rusiya Qarabağ məsələsində roluna nəzər salsaq, onu arxa planda qalmış ölkə kimi görə bilərik. “Əslində isə, Rusiya Ermənistanın, necə deyərlər, iliklərinədək işləmiş dövlətdir. Ermənistanın müstəqilliyi kağız üzərindədir - Rusiyanın əlində oyuncaqdır. Sovetlər imperiyası dağıldıqdan sonra Rusiya məhz Ermənistanı öz əyaləti edərək Cənubi Qafqazda işğalını davam etdirib. Ermənistanın Rusiyadan icazəsiz hər hansı hərəkət etməsini düşünmək belə mümkün deyil. Mən hər zaman demişəm: Rusiya istəsə bircə telefon zəngi ilə müharibəyə son qoya bilər. Əgər müharibə davam edisə, deməli ki, arxadakı qüvvənin Rusiya olduğu bəllidir. Hətta atəşkəsdən sonra Azərbaycanın mülki şəhərlərinə “Scud” raketlərindən atəş açılması, prosesin arxasında rus əsgərlərinin olması fikrini ortaya çıxarır” deyən polkovnik israr edir ki, Rusiya qətiyyən vasitəçilik etmir, arxa planda prosesləri öz nəzarətində davam etdirmək istəyir.

C.Başbuğa görə, son vaxtlar Moskvanın Azərbaycana ciddi təzyiq göstərə bilməməsinin səbəbkarı Türkiyədir. Çünki Türkiyə əvvəldən axıradək masada da, meydanda da Azərbaycanın yanında oldu. “Ora göndərilən “F-16”lar, Ankaradan verilən açıqlamalar birbaşa lazımi yerlərə mesajlar idi. Rusiya Amerika ilə müqayisədə duyğuları ilə deyil, daha çox məntiqlə hərəkət edən ölkədir. Ankaranın mesajlarını başa düşdü və ona görə də müharibə zamanı sadəcə kənardan seyr etdi prosesləri. Amma Azərbaycanı dayandıra bilmədiyi və Türkiyənin də mövqeyində qəti olduğunu görüncə, müdaxilə üçün başqa yollar axtarmağa başladı. Nəticəsi də Moskvanın açıqladığı 9 maddəlik saziş mətnində özünü göstərdi. Türkiyənin sülhməramlı sifətiylə Qarabağda olmayacağını gördük. Hansı ki, Azərbaycan tərəfi Türkiyə ordusunun da ruslarla birlikdə ərazidə olacağını iddia edirdi. Hər halda, Bakının mövqeyi qətidir: Türkiyə ərazidə olmalıdır. Əslində Azərbaycanın Türkiyənin yardımına ehtiyacı yoxdur. Amma ortada mənəvi dəstək, Türkiyənin bir güc olaraq hörmətinin qorunması məsələsi var", - deyir təhlükəsizlik mütəxəssisi.

Müsahibimiz deyir ki, Rusiya ərazidə olsa da, hər şeyi yalnız özü idarə edə bilməyəcək. Çünki Azərbaycan tərəfi buna imkan verməz, heç Türkiyə də razılaşmaz. C.Başbuğa görə, əslində Rusiya da, sazişin bəbdlərində göstərilən öhdəlikləri yerinə yetirməkdə qətiyyət göstərir. Türkiyə Moskvaya çox yaxşı bir təklif vermişdi – prezidenti Ərdoğan Putinə demişdi ki, sitat: sən Ermənistanla danış, mən də qardaşım Əliyevlə, sülh yaradaq bölgədə və Putin də razılaşmışdı. Sadəcə bu razılaşmalara rəğmən, Türkiyəni kənarda saxlayaraq, prosesləri Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli qaydada danışmağın məntiqi anlaşılan deyil.

Başbuğun dediklərindən: "Rusiyaya bu sual verilir: sənin nə işin var Azərbaycanla Ermənistan arasında? Bir halda ki, üçüncü ölkəyə ehtiyac yoxdur, o zaman sənin orada nə işin var? Şəxsən mən belə düşünürəm ki, təminatçı ölkələr öhdəsindən gələ bilmirlərsə, deməli bu işi iki ölkə öz aralarında həll etməlidirlər. Ermənistan təslim olduğu halda, Rusiyanın öz ordusu ilə bölgəyə girib ən azı 5 il orada qalmasına təminat alması onların qazancıdır. Rus mediası da bu gün eyni şeyi deyir. Məncə Rusiya Ermənistana təzyiqlərini Azərbaycan ərazilərinə yaymaqdadır. Bununla da, Rusiya SSRİ dağılandan sonra Cənubi Qafqazda azalmış nüfuzunu yenidən bərpa etmək şansı qazanıb. Amma bu fikirdə də qalıram ki, Rusiyanın nə istəməsindən asılı olmayaraq, Türkiyə öz mövqeyində qalacaq və bölgəyə mütləq daxil olacaq. Ən azından azərbaycan da israrla bunu istəməkdədir”.

C.Başbuğ fikirlərini belə tamamlayır: "Bəziləri düşünür ki, Rusiya ordusunun Qarabağ torpaqlarına girməsi, qələbəyə kölgə salır. Ola bilər ki, bəli, ruslar arzulanmayan qonaqdırlar və onların bölgəyə müdaxiləsinə əsas yox idi. Azərbaycan 30 ildir işğalda olan torpaqlarını qısa vaxtda azad etdi və bu möhtəşəm qələbəsinə 3-5 maddə ilə gölgə salınmasına imkan verərmi, məncə yox. Azərbaycanın mövqeyi bölgədə tarazlığı dəyişəcək, ümumiyyətlə, bütün proseslərə baxışları yeniləyəcək. Nəzərə almaq lazımdır ki, dediyimiz kimi, Ermənistan təslim oldusa, deməli, Rusiya da təslim olub. Çünki Ermənistanla bağlı məsələlkərdə Rusiya çox sərt mövqeyi ilə seçilib bu neçə ildə. Amma indi əksinə, səssiz qalmağı üstün tutdu. Bu da Azərbaycan-Türkiyə qardaşlığının zəfəri kimi oxunmalıdır. Bundan sonra hər nə olur-olsun, Rusiya bölgədə vəziyyəti istədiyi kimi nəzarətdə saxlaya bilməyəcək”.

Bu arada, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəisi İsmayıl Hakkı Pekinin türk mediasına məhz bu mövzuda verdiyi açıqlamanı da nəzərdən keçirmək maraqlı olardı. Pekin deyib ki, məhz sülhməramlı qüvvə olduğu üçün, Azərbaycan da, türkiyə də türk ordusunun Qarabağ bölgəsində yerləşməsini istəyir.

“Türkiyənin Nəzarət Qərargahında olması təsdiqlənib. Ərazidə isə, daha çox rus əsgərinin görünəcəyi qənaəti formalaşıb. Bir hərbçi kimi düşünürəm ki, türk əsgərinin də ərazidə olması çox müsbət təsir edərdi proseslərə. Baxaq görək tərəflər bu məsələni razılaşdıra biləcəklər, ya yox" deyən generalın sözlərinə görə, burada əsas məsələ müharibənin dayandırılması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi idi ki, o da baş verib. Şuşa kimi strateji mövqeli şəhəri asanlıqla alan Azərbaycan ordusunun əlində Xankəndini nəzarətə götürmək o qədər də çətin deyildi. Çünki Azəraycan ordusu Xankəndinin lap yaxınlığınadək irəliləmişdi.

Ekspert nəzərə çatdırır ki, hazırda Xankəndi, Xoçalı, Ağdərə və Xocavənd bölgələri ermənilərin sıx yaşadığı yerlərdir. Rusiya bölgəyə girməklə Azərbaycan ordusunun məhz həmin ərazilərə girməsinə mane olub. Bildiyim qədər, hazırda Rusiyanın bölgədə 1700 civarında hərbçisi və 500-ə yaxın hərbi texnikası cəmlənib. Bu mənfi tərəfidir, amma yaxşı tərəfi də budur ki, Azərbaycan qan axıtmadan Kəlbəcərin, Ağdam və Laçının azad edilməsinə nail olub. Bundan başqa, açıqlanan sənədə əsasən, Dağlıq Qarabağın hər hansı statusu olmayacaq".

Asiya Polis Təşkilatının (ASİAPOL) qurucusu olan Tələt Çətinə görə isə, noyabrın 10-da əldə olunan saziş və Qarabağda müharibənin dayandırılması Azərbaycanın qələbəsi olmaqla yanaşı, həm də Rusiya-Türkiyə əməkdaşlığının zəfəridir.

"Nəhayət, Türkiyə və Rusiya öz bölgələrindəki üçüncü bölgəni də işğaldana zad edərək, azadlığına qovuşdurdu. Putin də təsdiq edir ki, məhz Ərdoğanla birlikdə bu problemi kökündən həll edəcəklər. Ərdoğan Putinə problemi birlikdə həll etmək üçün təklif vermişdi. Prezident İlham Əliyev də lap əvvəldən demişdi ki, müharibəni dayandırmaq istəyirlərsə, torpaqlarımızdan çıxacaqlarını isbatlayan konkret cədvəl versinlər. Bu da oldu: işğalda qalan rayonların azad edilməsi üçün konkret tarixlər müəyyənləşdirilib. Türklər heç vaxt aman istəyənə qılınc çəkməyiblər. Bu gün isə ermənilər aman diləyib. Amma yenidən təxribat törədərlərsə, bu onların zərərinə olar. Bu məsələdə Azərbaycanın xeyrinə olan daha bir detal Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında bir yerüstü dəhlizin yaradılmasına dair öhdəlikdir. Vaxtilə SSRİ hakimiyyəti Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında qalan tarixi türk torpaqlarını Ermənistana verməklə şər səddi qurdu. Özü də bu, əsasən Türkiyənin Azərbaycana və oradan da Mərkəzi Asiyanın türk ölkələrinə açılan yolunu bağlamaq məqsədi güdmüşdü. Həm Azərbaycan, həm də Türkiyə Rusiyaya başa salmalıdırlar ki, Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında mütləq birbaşa bağ qurulmalıdır" deyən T.Çətin əlavə edir ki, Azərbaycanın bu zəfəri ilə yanaşı, həm də Türkiyə və Rusiya başda Fransanın, ABŞ-ın olduğu Qərb blokunun bölgəyə iddiası qarşısında qələbə çaldı.