Sürücülər bu təklifdən çox sevinəcəklər

12:37 11.06.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bəzi qayda pozuntularına görə, bal tətbiqinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var

Milli Məclisdə sürücülük hüququndan məhrumetmə ilə bağlı tətbiq olunan cərimə balı sisteminin təkmilləşdirilməsi istiqamətində yeni təkliflər müzakirəyə çıxarılıb. Parlamentdə səsləndirilən təşəbbüsə əsasən, peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün hazırda qüvvədə olan 20 ballıq limitin artırılması təklif olunur.

Məsələnin aktuallığı son illər ölkədə taksi və sərnişindaşıma sektorunda çalışan şəxslərin sayının artması, eləcə də onların gündəlik iş fəaliyyətinin digər sürücülərdən əhəmiyyətli dərəcədə fərqlənməsi ilə izah edilir. Müzakirələr zamanı vurğulanıb ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər gün ərzində adi sürücülərlə müqayisədə bir neçə dəfə daha çox sükan arxasında olurlar. Bu isə onların yol hərəkəti qaydalarını pozmaq riski ilə daha tez-tez üzləşməsinə səbəb olur.

Deputatlar və təşəbbüs müəllifləri qeyd ediblər ki, taksi sürücülərinin əksəriyyəti üçün sürücülük fəaliyyəti əsas gəlir mənbəyidir. Bir çox hallarda həmin şəxslər ailələrinin yeganə qazanc gətirən üzvləridir. Mövcud qanunvericiliyə əsasən, sürücü bir il ərzində müəyyən edilmiş cərimə balı həddini keçdiyi halda sürücülük hüququndan məhrum edilir. Bu isə peşəkar sürücülər üçün təkcə inzibati məsuliyyət deyil, həm də birbaşa iş yerinin və gəlir imkanının itirilməsi deməkdir.

Müzakirələr zamanı bildirilib ki, hazırkı 20 ballıq limit peşəsi sürücülük olmayan və avtomobildən yalnız şəxsi məqsədlər üçün istifadə edən vətəndaşlarla peşəkar sürücülər arasında müəyyən mənada bərabərsiz vəziyyət yaradır. Çünki adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə etməklə gündəlik fəaliyyətlərini davam etdirə bildikləri halda, peşəkar sürücülər üçün sürücülük vəsiqəsinin müvəqqəti itirilməsi faktiki olaraq işsiz qalmaq anlamına gəlir.

Bu baxımdan təklif olunur ki, peşəkar sürücülər üçün sürücülük hüququndan məhrumetmə həddi 20 baldan 40 və ya 50 bala qədər artırılsın. Təklif müəlliflərinin fikrincə, belə bir dəyişiklik sürücülərin əmək fəaliyyətini qorumaqla yanaşı, sosial problemlərin də qarşısını ala bilər. Eyni zamanda, müzakirələrdə cərimə balı sisteminin tətbiq mexanizminin yenidən nəzərdən keçirilməsi məsələsi də gündəmə gətirilib. Səsləndirilən təkliflərdən biri bal sisteminin yalnız kobud və yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradan qayda pozuntularına tətbiq olunmasıdır. Belə hesab edilir ki, kiçik və ilk dəfə törədilən pozuntular zamanı sürücülərin cərimə balı ilə deyil, yalnız maliyyə cəriməsi ilə məsuliyyətə cəlb olunması daha məqsədəuyğun ola bilər.

Mövzu ilə bağlı müxtəlif yanaşmalar da mövcuddur. Bəzi ekspertlər hesab edirlər ki, peşəkar sürücülər daha çox sükan arxasında olduqları üçün onlar üçün müəyyən güzəştlərin tətbiqi sosial baxımdan əsaslandırılmış addım sayıla bilər. Digər tərəfdən, yol hərəkəti təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər cərimə balı limitinin artırılmasının sürücülərdə məsuliyyət hissini zəiflətməməsinin vacibliyini vurğulayırlar. Onların fikrincə, hər hansı dəyişiklik təhlükəsizlik amili nəzərə alınmaqla həyata keçirilməlidir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, cərimə balı sistemi ümumilikdə qorunub saxlanılmalıdır, lakin bəzi qayda pozuntularına görə bal tətbiqinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Ekspertin sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən yol hərəkəti qaydalarını pozan sürücülər həm maliyyə cəriməsi, həm də müəyyən hallarda cərimə balı ilə üzləşirlər. Cərimə ballarının sayı 20-yə çatdıqda isə sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Bununla belə, bəzi inzibati xətalar üzrə həm cərimənin, həm də balın tətbiqi məqsədəuyğun hesab edilmir.

E.Cəfərov xüsusilə dayanma və durma qaydalarının pozulmasına görə tətbiq olunan cərimə ballarının ləğv edilməsini təklif edir. Onun fikrincə, bu qayda pozuntusuna görə artıq 60 manat məbləğində cərimə nəzərdə tutulduğu üçün əlavə olaraq iki cərimə balının yazılması sürücülər üçün əlavə yük yaradır.

Ekspert qeyd edib ki, şəhər mühitində sürücülər müxtəlif səbəblərdən dayanma-durma qaydalarını daha tez-tez pozmaq məcburiyyətində qala bilirlər. Xüsusilə iri şəhərlərdə parklanma yerlərinin çatışmazlığı, nəqliyyat sıxlığı və yol infrastrukturunun bəzi çatışmazlıqları bu halların sayını artırır.

Onun sözlərinə görə, hazırda müşahidə kameraları vasitəsilə dayanma-durma qaydalarının pozulmasına görə avtomatik qaydada cərimələr tətbiq edilir. Lakin sonradan aparılan araşdırmalar bəzi hallarda əsassız və ya mübahisəli cərimələrin də mövcud olduğunu ortaya çıxarır.

Bununla yanaşı, ekspert cərimə balı mexanizminin tamamilə ləğv edilməsinin tərəfdarı olmadığını vurğulayır.

O hesab edir ki, cərimə balı sistemi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan çəkindirici vasitələrdən biridir:

"Eyni qayda pozuntusunu dəfələrlə törədən sürücülərin qarşısının alınması üçün cərimə balı vacib mexanizmdir. Əks halda bəzi şəxslər yalnız maliyyə imkanlarına güvənərək dəfələrlə qaydaları poza bilərlər. Bal sistemi sürücüləri daha məsuliyyətli davranmağa sövq edir".

E.Cəfərovun fikrincə, optimal variant cərimə balı sisteminin saxlanılması, lakin onun tətbiq dairəsinin yenidən müəyyənləşdirilməsidir. Belə ki, sürət həddinin ciddi şəkildə aşılması, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi, qarşı hərəkət zolağına çıxma kimi təhlükəli pozuntular üzrə bal sistemi qüvvədə qalmalı, dayanma-durma kimi nisbətən az təhlükə yaradan inzibati xətalarda isə yalnız maliyyə cəriməsi tətbiq olunmalıdır.

Ekspert hesab edir ki, bu yanaşma həm yol hərəkəti təhlükəsizliyinin qorunmasına, həm də sürücülərin üzləşdiyi bəzi narazılıqların aradan qaldırılmasına xidmət edə bilər. Bu baxımdan, Milli Məclisdə cərimə balı sisteminin təkmilləşdirilməsi ilə bağlı aparılan müzakirələrin aktuallığı daha da artır və gələcəkdə qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi ehtimalını gündəmə gətirir.