Bankımızı özümüz seçəcəyik

11:16 11.06.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda pensiya, əməkhaqqı və sosial ödənişlərin həyata keçirilməsi mexanizmində mühüm dəyişikliklər gözlənilir. Yaxın gələcəkdə vətəndaşlar bu ödənişləri almaq üçün bank seçimini özləri edə biləcəklər. Bu yenilik həm vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, həm də bank sektorunda rəqabətin güclənməsinə təkan verəcək.

Hafta.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində çıxış edərək bildirib ki, hazırlanan layihə vətəndaşlara pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı yaradacaq.

Onun sözlərinə görə, söhbət məcburi dəyişiklikdən deyil, alternativ seçim imkanının yaradılmasından gedir. Belə ki, vətəndaşlar ödənişlərini almaq üçün yalnız müəyyən edilmiş banklarla məhdudlaşmayacaq, öz tələblərinə və maraqlarına uyğun maliyyə qurumunu seçə biləcəklər.

Mütəxəssislər hesab edirlər ki, bu addım ilk növbədə vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək. Bank seçimi hüququ insanların təqdim olunan xidmətlərin keyfiyyətinə, rəqəmsal imkanlara, filial şəbəkəsinə və müxtəlif güzəştlərə əsaslanaraq qərar verməsinə şərait yaradacaq.

Yeni yanaşmanın bank sektoru üçün də əhəmiyyətli nəticələr vəd etdiyi bildirilir. Hazırda pensiya və sosial ödəniş alan şəxslər banklar üçün ən böyük müştəri qruplarından biri hesab olunur. Vətəndaşların sərbəst seçim hüququ əldə etməsi isə maliyyə qurumlarını daha keyfiyyətli xidmət göstərməyə, innovativ məhsullar təqdim etməyə və müştəri yönümlü siyasət yürütməyə sövq edəcək.

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, layihə çərçivəsində bankların pensiyaçılar və digər ödəniş alan şəxslər üçün təqdim etdikləri xüsusi xidmət paketlərinin genişləndirilməsi də nəzərdə tutulur. Buraya nağdsız ödənişlər üzrə bonus proqramları, komissiyasız əməliyyatlar, güzəştli xidmətlər və digər stimullaşdırıcı mexanizmlər daxil ola bilər.

Layihənin texniki əsasını isə Ani Ödənişlər Sistemi təşkil edəcək. Mərhələli şəkildə həyata keçiriləcək yeniliyin ilk mərhələsində əməkhaqqı ödənişlərinin sistem üzərindən icrası planlaşdırılır. Sonrakı mərhələlərdə pensiya və sosial müavinətlərin də həmin platforma vasitəsilə ödənilməsi nəzərdə tutulur.

Ekspertlərin fikrincə, Ani Ödənişlər Sisteminin imkanlarından istifadə vəsaitlərin daha sürətli, təhlükəsiz və şəffaf şəkildə köçürülməsinə şərait yaradacaq. Eyni zamanda, bu addım ölkədə rəqəmsal ödənişlərin genişlənməsinə və nağdsız hesablaşmaların payının artmasına müsbət təsir göstərəcək.

Mövzu ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, vətəndaşlara əməkhaqqı və pensiyalarını istədikləri bank vasitəsilə almaq imkanı yaradılması ideyası əslində yeni deyil və bu məsələ artıq bir neçə ildir müzakirə olunur.

Onun sözlərinə görə, hazırkı sistemdə vətəndaşların müəyyən bankların müştərisinə çevrilməsi və əməkhaqqı və ya pensiyalarını yalnız həmin banklar vasitəsilə almağa məcbur edilməsi hüquqi baxımdan əsaslı deyil:

“Bu gün vətəndaşın konkret bankla işləməyə məcbur edilməsi nə qanunvericiliyin ruhuna, nə də Mülki Məcəllənin tələblərinə uyğundur. Bank hesabı müqaviləsi könüllülük prinsipi əsasında bağlanılır. Şəxsin hər hansı bankda hesabının və kartının olması onun həmin bankı seçdiyini göstərir. Bu halda vətəndaşı başqa bankla işləməyə məcbur etmək düzgün deyil. Müştəri istənilən vaxt bankla bağladığı müqaviləyə xitam vermək hüququna malikdir və bu, onun qanuni seçim haqqıdır”.

Ə.Həsənovun sözlərinə görə, hazırda pensiyaların böyük hissəsi Dövlət Sosial Müdafiə Fondunun müəyyən etdiyi banklar vasitəsilə ödənilir, dövlət sektorunda çalışanların əməkhaqları da əvvəlcədən seçilmiş banklar üzərindən köçürülür. Bənzər praktika özəl sektorda da geniş yayılıb.

Ekspert hesab edir ki, bu məhdudiyyətlərin aradan qaldırılması ilk növbədə vətəndaşların konstitusion və mülki hüquqlarının daha dolğun təmin olunmasına xidmət edəcək:

“Yeni mexanizm tətbiq edilərsə, vətəndaş xidmətindən narazı qaldığı bankı dəyişmək imkanına malik olacaq. İşçi əməkhaqqının istədiyi banka köçürülməsini tələb edə biləcək, pensiya alan şəxs isə vəsaitini öz seçdiyi bank hesabına yönləndirə biləcək. Bu, vətəndaşın maliyyə azadlığının genişlənməsi deməkdir”.

Ə.Həsənovun fikrincə, dəyişikliklərin ən mühüm nəticələrindən biri bank sektorunda rəqabətin güclənməsi olacaq. Belə ki, müştəriləri saxlamaq və yeni müştərilər cəlb etmək istəyən banklar xidmət keyfiyyətini yüksəltməyə, daha sərfəli şərtlər və innovativ məhsullar təqdim etməyə məcbur olacaqlar.

Ekspert diqqəti digər mühüm problemə, əməkhaqqı və pensiya kartları üzərindən həyata keçirilən bəzi mübahisəli kredit tutulmalarına da yönəldib.

Onun sözlərinə görə, hazırda bəzi banklar kredit müqavilələrinə gecikmə halında borcun birbaşa əməkhaqqı və ya pensiya hesabından tutulmasına imkan verən müddəalar daxil edirlər:

“Nəticədə, bəzi hallarda vətəndaşın hesabına daxil olan vəsaitdən birbaşa tutulmalar aparılır. Halbuki maaş və ya pensiya başqa bank vasitəsilə ödənilsəydi, kreditor bank məhkəməyə müraciət etməli, məhkəmə qərarından sonra isə qanunvericiliklə müəyyən edilmiş həddə tutulma həyata keçirilməli idi. Mövcud vəziyyət müəyyən hallarda vətəndaşların hüquqlarının pozulmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, yeni sistemin tətbiqi vətəndaşlara kredit borcu olduğu halda belə bank seçimini sərbəst həyata keçirmək imkanı verəcək. Bu zaman borcun geri qaytarılması ilə bağlı məsələlər qanunvericilik çərçivəsində, məhkəmə prosedurları vasitəsilə həll olunacaq.

Ə.Həsənov hesab edir ki, vətəndaşların əməkhaqqı, pensiya və digər sosial ödənişlər üzrə bank seçimi hüququnun tanınması həm qanunun aliliyinin təmin olunmasına, həm maliyyə sektorunda sağlam rəqabətin formalaşmasına, həm də bank xidmətlərinin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.