Son on ildə ilk dəfədir ki, dünyada məcburi köçkünlərin və qaçqınların sayında azalma müşahidə olunub.
Hafta.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında yer alıb. Sənəddə bildirilir ki, dünyada qaçqınların ümumi sayı il ərzində 3 faiz azalaraq 41,6 milyon nəfərə enib. Müsbət tendensiyaya baxmayaraq, məcburi yerdəyişmənin miqyası hələ də yüksəkdir. Belə ki, 2025-ci ildə 5,4 milyon nəfər münaqişələr və təqiblər səbəbindən öz ölkəsini tərk etmək məcburiyyətində qalıb.
BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi məcburi köçkün probleminin beynəlxalq ictimaiyyət üçün ciddi çağırış olaraq qaldığını vurğulayıb.
Hesabatda bildirilir ki, ötən il 14,7 milyon nəfər daimi yaşayış yerlərinə qayıdıb. Onlardan 4,4 milyonu qaçqın, 10,3 milyonu isə ölkə daxilində məcburi köçkün olub. Ən çox geri dönüş halları Əfqanıstan, Sudan və Suriyada qeydə alınıb. Bununla belə, insanların bir çoxu təhlükəsiz və sabit həyat şəraiti formalaşmadan geri qayıtmağa məcbur olub.