"Şuşanı qaytarmaq üçün iki dəfə cəhd etdik" - Paşinyan

23:57 13.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Biz bu sənədi cıra bilərik və atarıq, amma nəticələr barədə düşünmək lazımdır. Əgər biz bunu etsək, demək, noyabrın 10-dək olan vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, nəticələri  nə olacaq".

Hafta.az bildirir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, imzalanmış sənədi sərt tənqid edən müxalifət əvvəllər bu sənəddən imtina etmək üçün heç bir təsirli üsul təklif etməyib.

Bununla yanaşı, erməni baş naziri qeyd edib ki, imzalanmış bəyanat heç də torpaqların təhvil verilməsi yox, ərazilərin və insanların həyatının saxlanması barədədir.

"Stepanakert müdafiəsiz qalmışdı, onun alınmasından sonra Əsgəran da, Mardakert də əldən gedəcəkdi. Nəticədə ön cəbhədə olan 20-30 min erməni əsgəri mühasirəyə düşə bilərdi. Onlara arxadan hücum edərdilər və xilas olmaları mümkün olmazdı", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, sazişin bağlanması ilə bağlı danışıqlar prosesi hələ ki, başlamayıb və bu proses hələ çox davam edəcək.

"Siz sual verirsiniz ki, məsələ nə üçün Milli Məclisdə, müxalifətlə və s.müzakirə olunmayıb. Bu, əslində hərbi əməliyyatların gedişinin məntiqi çərçivəsində baş verdi. Bizim bölmələrimizin dislokasiyası haqda hər bir məsələni Milli Məclislə, yaxud müxalifətlə müzakirə etmək olmaz ki?"- deyə baş nazir bildirib.

“Elə bir an gəldi və məlum oldu ki, Ermənistan tərəfi üçün mübarizənin daha mənası yoxdur: bu, Şuşanın süqutu idi”, - deyə Nikol Paşinyan qeyd edib.

“Döyüş meydanında uğursuzluqlar yarandıqda biz qarşımıza siyasi vəzifə qoyduq ki, müharibədə dönüş yaradaq. Lakin Şuşanın süqutundan sonra biz bu vəzifənin yerinə yetirilməyəcəyini başa düşdük və qəbul etdik”, - deyə Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, erməni bölmələri son saniyəyə qədər bütün istiqamətlərdə gərgin döyüşərək mübarizə aparıblar.

"Şəhərin süqutundan sonra onu geri qaytarmaq üçün iki dəfə cəhd etdik. İkinci cəhddə erməni bölməsi şəhərə girə bildi. Lakin onun gücü şəhər üzərində nəzarəti geri qaytarmaq üçün kifayət deyildi. Şuşanın süqutu ətrafında çoxlu miflər var. Şuşanın itirilməsi barədə mənə məlumat verəndən sonra orada hələ də 50 döyüşçünün olduğu haqqında məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil, Xankəndidə olduğu məlum oldu”, - deyə baş nazir bildirib.