Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Rusiyadakı aktivlərini 125 milyon avroya “Avilon” distribütor şirkətinə satmaq barədə razılığa gəlib.
Hafta.az-ın yazdığına görə, bu barədə “İnterfaks” agentliyi hökumətdəki mənbələrə əsaslanaraq məlumat yayıb.
“Avilon” bu məbləğin müqabilində “Volkswagen”in Kaluqadakı avtomobil və mühərrik zavodlarını, ehtiyat hissələri, servis, sığorta və lizinq şirkətlərini alacaq.
Alman istehsalçısı Kaluqadakı Grabtsevo texnoparkında 2007-ci ildə istehsala başlayıb. Zavodun istehsal gücü ildə 225 min avtomobil təşkil edir. Şirkət həmçinin 2015-ci ildə avtomobil zavodunun düz yanında, 150 min istehsal gücünə malik mühərrik zavodu açıb.
“Volkswagen” Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ötən ilin yazında ölkədəki istehsal və satış fəaliyyətini dayandırıb.