Bu gün Türkiyənin qarşıdakı beş ilini əhatə edəcək 12-ci İnkişaf Planı Böyük Millət Məclisinin komissiyasında müzakirəyə çıxarılacaq. Türkiyənin 2053-cü il baxışı üçün kritik bir dönüş nöqtəsinə istiqamət alan və 2024-2028-ci illəri əhatə edən bu strategiya sosial rifahın artırılmasına, enerji və nəqliyyatda qlobal mərkəzə çevrilmə hədəflərinə və davamlı yaşıl transformasiyaya önəm verir.
Hafta.az-ın yazdığına görə, plan, gəlir bölgüsü bərabərliyi üçün konkret addımlar müəyyənləşdirməklə, minimum əməkhaqqı alan işçilərdən tutmuş özəl sektora qədər geniş sahədə gəlir tarazlığını təmin etməyi hədəfləyir.
Enerji və nəqliyyat sahəsində beynəlxalq rəqabətdə fərqlənməyi, Asiya ilə Avropa arasında yeni logistik marşrutlar yaratmağı və mövcud infrastrukturu gücləndirməyi planlaşdırır.
Türkiyədə tanınmış iqtisadçı Məhəmməd Bayramın sözlərinə görə, yaşıl transformasiya çərçivəsində 2053-cü il Net Sıfır Emissiya hədəfinə uyğun gələn, karbon izlərini minimuma endirən və bərpa olunan enerjidən istifadəni təşviq edən siyasətlər ön planda olacaq.
“Ortamüddətli Proqram yeni iqtisadi idarəetmənin nümayiş olunduğu bir proqram idi. Nəyi və necə edəcəyimizi bizə istiqamətləndirmək üçün nəzərdə tutulmuşdu. Burada aydınlıq və davamlılıq da ortaya çıxdı, valyuta məzənnəsi hədəfləri müəyyən edildi. Nəhayət, Türkiyənin birinci mərhələdə hədəfinin cari açığı bağlamaq olduğu bildirilib” deyən İqtisadçı Məhəmməd Bayram bildirib ki, Ortamüddətli Proqramda 12-ci İnkişaf Planı da qeyd olunub. Planın əsas hədəfi enerji sektorudur. Yenilənə bilən enerji çərçivəsində Türkiyənin qurulu gücünün artırılması əsas hədəf olacaq. 760 milyard lirə olan enerji xərcimizin yarısı qədər cari açığımız vardı. Deməli, enerjimizi maliyyələşdirə bilsək, cari kəsirimizi aradan qaldıracağıq. Enerji baxımından kasıb olmağımız cari kəsirimizi bağlamaq baxımından bizə mənfi təsir edir. İnkişaf planının əsas məqsədi Türkiyənin milli sərvətini 1 trilyon dollara çatdırmaqdır. Artımın davam etdirilməsi nəzərdə tutulur. Əlavə dəyər yaradan sektorlara önəm veriləcək. Müdafiə sənayesində mühüm irəliləyişlər var və bunun tədricən artacağı gözlənilir. Türkiyədə daha çox əlavə dəyərli məhsullar istehsal edən texnologiya şirkətləri var. Sənaye nazirimiz Kacır da Türkiyədəki şirkətlərə dəstək veriləcəyini söylədi. Planın əsas məqsədi Türkiyənin ümummilli məhsulunu ən qısa zamanda artırmaqdır”, - deyib Məhəmməd Bayram.

12-ci İnkişaf Planının beynəlxalq ticarətə potensial təsirlərinə toxunan Bayram, “Beynəlxalq nəqliyyat Türkiyənin imtina edə bilməyəcəyi bir sahədir. Bu, dəstəkləməyə davam edəcəyimiz vacib sektordur" deyib.
Məhəmməd Bayram xatırladıb ki, Türkiyə pandemiya dövründə beynəlxalq logistika baxımından güclü və mütəşəkkil olub, Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının çətiri altında Avropaya axını təmin edə bilib. “Türkiyənin ixrac qabiliyyətinin əhəmiyyəti ilə yanaşı, çatdırılma sürəti də nəqliyyat sektorunun üstünlüklərindən biridir. Avropa mal alarkən bizə üstünlük verir. Son 20 ildə Türkiyə infrastrukturda da sürətli inkişafa nail olub. Yollar və körpülərlə ciddi bir şəbəkə yaratdı. Əgər biz 3-cü körpüdə dəmir yolu planlaşdırdıqsa və infrastruktur yollarını həm Şimali Mərmərə, həm də Çanaqqala körpüsü ilə birləşdirdiksə, bunun bir səbəbi var. Xüsusən də nəqliyyatda Türkiyə mərkəzi ölkə olmaq vəziyyətindədir. Bizim beynəlxalq daşımalarda ciddi potensialımız var. Türkiyə bu məsələdə söz sahibi olan ölkəyə çevrilib. Avropa türk şirkətlərinə dəstəyini davam etdirir”, - o bildirib.
İqtisadçı G20 Sammitindən sonra Hindistanın müzakirələrə səbəb olmuş layihəsinə toxundu. Qeyd edib ki, bu layihəyə əsasən, Hindistan limanlarından çıxan məhsullar Hayfada gəmilərə yüklənməli və Avropaya daşınmalıdır. Lakin indiki İsrail-Fələstin müharibəsi bu planı alt-üst etdi. Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İraq başqa bir inkişaf planı yaratdı. Bununla da Yaxın Şərqin məhsulları İraq üzərindən keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırıla bilər. Yəni Türkiyənin beynəlxalq logistika sektorunda hədəfləri böyükdür.
“Türkiyənin müəyyən etdiyi baxış həm enerji sektorunda, həm də beynəlxalq nəqliyyat sektorunda çox mühüm və dəyərlidir”, - deyib Bayram.